[b]“Gecə yeyib-içirlər, səhər çıxırlar meydana” [/b]
15.10.2014 - 19:54
[b]“Gecə yeyib-içirlər, səhər çıxırlar meydana”  [/b]

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin Xorvatiyaya 0:6 hesablı məğlubiyyəti təkcə futbol ictimaiyyətini deyil, digər sahələrin adamlarını da əməlli-başlı məyus etdi. Lent.az yığmamızın son yenilgisi ilə bağlı futboldankənar tanınmış adamların münasibətini öyrənib. Həmsöhbətlərimizin sırasında millət vəkili, ziyalı, aktyor və jurnalist var.

 

Fazil Mustafa (millət vəkili):

 

- Yığmada ilk növbədə, milliləşdirilmə aparılmalıdır. Azərbaycan futbolunun yüksək səviyyədə inkişafı birbaşa bundan asılıdır. Yəni hardansa futbolçu gətirməkdənsə, yerli oyunçuları daha peşəkar səviyyədə hazırlamaq olar. Bundan başqa uşaq futbolunun inkişafına diqqət artırılmalıdır. Çünki futbolumuzun inkişafı uşaqların yeniyetməlik yaşlarından etibarən artsa, yaxşı olar. Dediyim məqamlara diqqət edilsə və bu istiqamətdə işlər lazımi səviyyədə aparılsa, millimiz belə biabırçı məğlubiyyətlərə məruz qalmaz.

 

Bədirxan Əhmədov (Filologiya elmləri doktoru, professor):

 

 - Son vaxtlar düşünürdüm ki, futbolumuz yaxşılığa doğru addımlayır. Ancaq Xorvatiyaya biabırçı məğlubiyyət fikrimi dəyişdi. Futbolçularımız adi vəziyyətlərdə kobud səhvlər edirdilər. Bir məşqçinin komandada sistem yaratması üçün müəyyən zaman lazımdır. Foqtsun bunun üçün kifayət qədər vaxtı olsa da, işinin öhdəsindən gələ bilmədi. Udmaq, uduzmaq əsas şərt deyil, sistemli oyun göstərmək lazımdır: topu özündə saxlamaq, standart vəziyyətlərdən istifadə etmək və s. Xorvatiya ilə matçda sanki tanış olmayan cavan uşaqlar bir yerə yığışıb, oyun keçirirdilər. Milli komanda həm də klubların vəziyyətini göstərir. Deməli, klublarda vəziyyət heç də yaxşı deyil. Son məğlubiyyət bir daha təsdiq etdi ki, futbolumuzda əməlli-başlı islahatlar aparılmalıdır.

 

Çingiz Əhmədov (Tanınmış aktyor, əməkdar artist):

 

- Biabırçılıq. Özü də həddindən artıq biabırçılıq. Belə məğlubiyyətlərlə üzləşməmək üçün ilk növbədə, tanışlıqla oynayan futbolçuları millidən çıxarmaq lazımdır. Bir də futbolçularımız gecə yeyib-içirlər, səhər çıxırlar meydana. Elə buna görə də, belə məğlubiyyətlər yaşayırıq. Berti Foqts birmənalı şəkildə getməlidir. O qədər veteran futbolçularımız var ki, Foqtsun yerinə gətirmək olar. İnanın, həmin veteranlar Foqtsdan yaxşı nəticə verərlər. Biz aktyoruq, işimiz səhnədə görünür. Tamaşaçılar meydanda isə futbolçuların yaxşı oyununu görməlidirlər.

 

Ceyhun Səfərov (Telejurnalist, “ATV Xəbər”in aparıcısı):

 

- Mən Azərbaycan futbolunun qələbə qazanacağı günü gözləyən insanlardanam. İstər klub oyunları, istərsə də yığmalar səviyyəsində fərqli xəbərlər eşidib, ekrandan səsləndirmək istərdim. Amma çox təəssüf ki, aparıcısı olduğum xəbərlərin əsas buraxılışının anonsunda yığmamızın uduzmaq xəbərini xəcalət çəkərək oxudum. Ümid edirəm ki, nə vaxtsa millinin qələbə xəbərini anons edəcəyəm.

 

0