Azərbaycan çempionatının I divizionunda mübarizə aparan “Göyəzən” klubu cəzalanıb. Apasport.az saytının məlumatına görə, buna Qazax təmsilçisinin meydanı özbaşına tərk etməsi səbəb olub.
VII turun “Göyəzən” – “Şəmkir” matçının 78-ci dəqiqəsində meydan sahibləri oyunu davam etdirməkdən boyun qaçırıblar. Lakin meydançanı özbaşına tərk edən komanda 2 dəqiqə sonra geri qayıdıb və matçı başa çatdırıb.
“Göyəzən”in bu hərəkəti AFFA-nın İntizam Komitəsində müzakirə olunub. Qazaxlılar oyunun yenidən bərpa olunmasına baxmayaraq, 1000 manat cərimələnib. Kluba bu halın yenidən təkrarlandığı halda daha ağır cəzalanacağı ilə bağlı xəbərdarlıq da edilib.