[b]“Hakim idarəçiliyinin oyunumuza çox təsiri oldu” [/b]
31.10.2017 - 16:38
[b]“Hakim idarəçiliyinin oyunumuza çox təsiri oldu”  [/b]

“Qəbələ” klubunun yarımmüdafiəçisi Asif Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının X turunda “Zirə”yə məğlubiyyətin (1:2) səbəbini nədə görürsünüz?

- Birinci hissədə öz oyunumuzu göstərə bilmədik, çox pis çıxış etdik. Bunu özümüzə yaraşdırmadıq. Məncə, məğlubiyyətin əsas səbəbi də ilk yarıda çox zəif oynamağımız oldu.

 

- Kapitan Cavid Hüseynov qırmızı vərəqə aldığı epizodda daha səbrli davrana bilməzdi?

- Hesabda 2 top fərqi ilə geridə idik. İstər-istəməz özünü toparlaya bilmirsən. Çətin vəziyyət idi. Bu, əsəbdən qaynaqlanan bir hərəkətdi. Cavid də istəməzdi ki, belə olsun.

 

- Ancaq fasilədən sonra daha yaxşı çıxış etdiniz...

- 10 nəfərlə qalandan sonra daha yaxşı oynadıq. Qol imkanlarımız oldu, istifadə edə bilmədik. İkinci hissədəki mübarizəmizi nəzərə alsaq, bu matçda ədalətli nəticə heç-heçə olardı.

 

- Hakim idarəçiliyindən çox narazı göründünüz?

- Bəli, narazı qaldıq. İkinci hissədə Ekiqo Ehiosunu yıxdılar, təmiz penaltimiz verilmədi. Ürfan Abbasova birinci hissədə sarı vərəqə göstərildi. Amma orda “sarı”lıq heç nə yox idi. İlk foldaa sarı vərəqə alan müdafiəçi istər-istəməz gücünün 100 faizini ortaya qoya bilməz. Düzdü, son dəqiqədə Təmkin Xəlilzadəyə qırmızı vərəqə verilsəydi belə, nəticə dəyişməyəcəkdi. Ancaq Cavidi bənzər hərəkətə görə meydandan qovmusansa, Təmkinə də qırmızı vərəqə verməlisən. Bir sözlə, hakim idarəçiliyinin oyunumuza çox təsiri oldu. Biz demirik ki, olmayan penalti versinlər. Hakimlərdən fantastika tələb etmirik. Nə varsa, onu göstərsinlər.

 

- “Zirə”nin futbolçuları ikinci hissədə 5 sarı vərəqə aldılar. Rəqibin belə sərt oynaması sizi narahat etmirdi?

- Bütün komandalar bizə qarşı belə oynayırlar. Bizimlə oyun gələndə, elə bil ikiqat hazırlaşırlar.

 

- Sizcə, bunun səbəbi nədi?

- Nə bilim? Yəqin ki, onda məsuliyyətləri daha çox olur.

 

- Ötən turda “Qarabağ”la çətin oyununuz olmuşdu. Bəlkə komandada yorğunluq da var idi?

- Belə düşünmürəm. Ümumi götürdükdə deməzdim ki, çox pis oynadıq. Çalışdıq, alınmadı. Meydanın süni örtüklü olması da bizə maneçilik törətdi. Çünki təbii örtükdə oynamağa öyrəşmişik. Şəxsən mən topu hiss edə bilmirdim. Süni örtükdə ayağını yerə basanda rahat ola bilmirsən.

 

- “Qəbələ” ötən mövsüm də hakimlikdən çox şikayətlənmişdi. Belə oyunlardan sonra psixoloji durumunuz necə olur?

- Əlbəttə ki, psixoloji sarsıntı olur. Turnir cədvəlində qonşu olan komandaya məğlubiyyət adama daha ağır gəlir. Amma toparlanmaq lazımdı. Qarşıda oyunlarımız var.

 

- “Qarabağ”la görüşdə qələbə qolunu vursanız da, “Zirə” ilə matçı o qədər də yüksək səviyyədə keçirmədiniz. Oyununuzdan məmnun qaldınızmı?

- Deməzdim ki, yaxşı oynadım. Hələ istədiyim formada deyiləm.

 

Ruslan SADIQOV