[b]“Hakimlər Komitəsi gəncləri bilə-bilə “yandırır”[/b]
07.11.2016 - 13:15
[b]“Hakimlər Komitəsi gəncləri bilə-bilə “yandırır”[/b]

“Neftçi” – “İnter” oyununa stadionda baxırdım. Ümumi şəkildə idarəçilik çox zəif oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında sabiq FİFA referisi Anar Salmanov deyib.

 

Topaz Premyer Liqasının XI turunun ən diqqətçəkən məqamlarından biri “Neftçi” – “İnter” matçındakı (2:1) hakim idarəçiliyi oldu. 1 saatın tamamında qonaqların müdafiəçisi Zurab Xizanişvili topa əli ilə cərimə meydançasından kənarda toxunsa da, baş hakim Rəvan Həmzəzadə köməkçisinin fikrinə inanaraq, penalti nöqtəsini göstərdi.

 

Bu qərar təkcə “İnter” komandasının deyil, futbol ictimaiyyətinin də kəskin tənqidinə səbəb olub. Epizodla bağlı danışan Salmanov da verilən qərarın yanlış olduğunu təsdiqləyib: “Rəvan Həmzəzadə gənc hakimdi. Şəxsim fikrim belədi ki, bu cür oyunlarda onu meydana hakim kimi buraxmaq hələ tezdi. Bu o deməkdi ki, Hakimlər Komitəsi gəncləri bilə-bilə “yandırır”. Rəvan özü o epizodda penalti qərarı verməmişdi. Onun fikri cərimə zərbəsi təyin etmək və Zuraba sarı vərəqə göstərmək idi. Fiti səsləndirəndən 15 saniyə sonra 11 metrlik nöqtəni göstərdi. Deməli, bu qərarı verməsinə ya qapı arxasında dayanan hakim, ya da köməkçi hakim səbəb olub. Deyirlər ki, Rəhim Həsənovun fikrinə inanaraq, o qərarı verib. Qapı arxasında dayanıb, həmin epizodu tutmaq mümkün deyil. Çünki ordan cərimə meydançasının xətti görünmür. Əgər baş hakim o epizodda əmin deyildisə, yan xətt hakimi onun köməyinə çatmalı idi. Çünki paralel olan xəttə o, nəzarət edə bilər. Əgər Rəhim Həsənov o epizodu penalti kimi qiymətləndiribsə, səhv edib. Qapı arxasında dayanan hakimin o epizoda girməsi düzgün deyil”.

 

Salmanovun sözlərinə görə, Rəvan Həmzəzadə o epizodda öz fikrində qalmalı idi: “Rəvanın təcrübəsizliyi özünü göstərdi. Özünə inanmadı. Özünəinam hissi də təcrübədən irəli gəlir. Hakimlər Komitəsi onu “oda atdı”. “Neftçi” – “İnter” oyunu məsuliyyətli matçdı. 3-4 komandamız var ki, onların oyunları mübarizə şəraitində keçir. Bu da həmin görüşlərdən biri idi. Matça əlavə olunmuş dəqiqələrdə “İnter”in futbolçusu Tərlan Quliyev rəqib futbolçunun boynunun arxasına dirsəklə vurdu. Hakim orda qırmızı vərəqə göstərilməli idi, amma bunu etmədi. Ümumi idarəçilik çox zəif oldu. Bunun da əsas günahkarı bir adamdı: Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov. Yadınızdadısa, “Qarabağ” – “Neftçi” matçında cərimə meydançasının xəttindən kənarda qayda pozuntusu olmuşdu, mən isə onu penalti kimi dəyərləndirmişdim. Eyni səhvə görə məni cəzalandırdılar. Xaqani Məmmədov, bəs bunlar nə səhvlərdi? Söhbət Rəvandan getmir. Çempionat ərzində 10 belə səhv olur. Sadəcə, mənə qarşı qərəzli davrandılar. Allaha tapşırıram o Xaqanini. Çempionatda “İnter” – “Neftçi” oyunu getdiyi halda, Hakimlər Komitəsinin sədri oturub futzala baxır. Biz hansı inkişafdan danışa bilərik? Bu adam futzal oyununda oturub “kayf tutur”, onun da hakimi bu cür səhvə yol verir. Xaqani Məmmədov işləyə bilmirsə, getməlidi”.  

 

Keçmiş FİFA referisi söhbət əsnasında turun digər görüşü – AZAL – “Qəbələ” matçındakı hakim idarəçiliyinə də toxunub: “Bu oyuna da baxdım. Roman Qriqorçuk son vaxtlar çox çılğındı. Bu cür adlı-sanlı məşqçiyə yaraşmaz ki, hər epizoda elə reaksiya versin. Yerdə uzanan futbolçuya rəqib oyunçunun təpik vurduğunu əsas gətirərək, narazılıq edirdi. Kadrda bu görünmədi, qarışıqlıq oldu. Əgər elə şey olubsa, İnqilab Məmmədov AZAL-ın futbolçusuna birbaşa qırmızı vərəqə göstərməli idi. Amma nə qədər səhv olsa belə, məşqçi təmkinli davranmalıdı. Təbii ki, hakim səhvləri məşqçiləri özündən çıxarır. Təəssüflər olsun ki, bu səhvlər getdikcə çoxalır. Səhvsiz insan yoxdu. Lakin bu qədər də səhv olmaz”.