"Dnepr"in heyətində Ukrayna Premyer Liqasında qol hesabını açan milli oyunçumuz Dmitri Nağıyev matç başa çatdıqdan sonra yerli jurnalistlərin suallarını cavablandırıb.
- Yəqin ki, qələbə qolundan sonra öz üzərinizdə daha çox diqqət hiss edəcəksiniz. Fikirlərinizi paylaşın zəhmət olmasa...
- Təəssüratlarım əladı. Qol vurmağı çox istəyirdim. Uzun zamandı ki, qələbə qazana bilmirdik, axır ki, buna da son verdik.
- Sanki topun hara gedəcəyini əvvəldən hiss edib həmin nöqtəyə yönəlmişdin...
- Əgər həmin an orda olmasaydım, məşqçilər məni öldürərdilər (gülür). Onlar bizə maksimum sürətlə cərimə meydançasına şığımağı tapşırıblar. Bu, bəzən alınır, bəzən isə alınmır. Şükür allaha hər şey yaxşı alındı və qol vurdum. İndicə elə “Yuventus”dan zəng etdilər, sabah müqavilə bağlamağa gedəcəm (gülümsəyir). “Dnepr”in bütün azarkeşlərinə dəstək üçün təşəkkür edirəm. İnternetdə təqdimatımı izləyərsiniz. Təbii ki, bütün bunlar 1 aprel zarafatıdır (gülür).
- Oyunda sanki böyük gərginlik var idi. Hakimin hansısa məqamda nəzarəti əlindən buraxdığını demək olarmı? Çünki matçda kifayət qədər mübahisəli epizodlar oldu...
- Ümumiyyətlə, hakim oyunu yaxşı idarə etdi. Düzdü, bir neçə dəfə mübahisəli vəziyyət oldu, ancaq inanmıram ki, qərəzli idarəçilik olsun. Düşünürəm ki, cərimə zərbəsində düzgün qərar vermədi, əgər o qol olsaydı, işimiz çətin olacaqdı. Bu gün bizim də uğurlu günümüz idi.
- Oyunun sonunda cərimə zərbəsi ilə bağlı hakimə etiraz etdin?
- Bəli, ondan sonruşdum ki, niyə belə qərar verib.
- O, hələ bilmirdi ki, “Yuventus”un oyunçusu ilə söhbət edir?
- Hələ xəbəri yox idi. Belə də ki, biz onunla yerliyik – ikimiz də kiyevliyik.