[b]“Həmin vaxt yatmışdım” - Dodo[/b]
18.10.2015 - 23:00
[b]“Həmin vaxt yatmışdım” - Dodo[/b]

Topaz Premyer Liqasının VIII turunda “Neftçi” üzərindəki qələbədən sonra “Qəbələ”nin kapitanı Dodo apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

 

- Üstün oynadığınız matçda 3 xalı çətinliklə qazandınız. Qolu gec vurmağınız nə ilə bağlıdı?

- İnanın, həqiqətən də çətin oyun oldu. “Neftçi” asan yeniləcək komanda deyil və hər oyunu eyni tərzdə keçirmir. Bizim üçün vacib görüş idi. Yaxşı oyun nümayiş etdirməklə yanaşı, qələbə qazanmağımız da əhəmiyyətli idi. Özünüz də gördünüz ki, çox çalışdıq. Şanlarımızdan düzgün yararlana bilmədik. Antonova təşəkkür edirəm ki, meydana çıxdıqdan sonra vacib olan qolu vurdu.

 

- Son 20 dəqiqədə təzyiqi xeyli artırdınız. Deyəsən, “Neftçi”nin yorğunluğu işinizə yaradı...

- “Neftçi”nin sona yaxın yorulduğunu və buna görə müdafiəyə çəkildiyini deyə bilmərəm. Çünki bu komandada gənc futbolçular çoxdu. Gənclər isə enerjili olurlar. Ona görə hansısa yorğunluqdan söhbət getmədi. Sadəcə, şansımızın birini dəyərləndirə bildik.

 

- Həftəiçi sizi daha vacib  - Avropa Liqasında “Borussiya” ilə qarşılaşma gözləyir...

- Hər oyunun öz yeri var. Biz çempionatda da iddialıyıq və bu cəbhədə də uğur qazanmalıyıq. “Borussiya” ilə oyuna hazırlaşmaq üçün vaxtımız olacaq. Müsbət məqam odu ki, biz həmin matça qalib əhval-ruhiyyədə hazırlaşacağıq.

 

- “Borussiya”da son matçında qələbə qazandı. “Maynts”la oyunlarını izlədinizmi?

- Baxa bilmədim. Çünki həmin vaxt yatmışdım. “Neftçi” ilə oyunu nəzərə alıb, dincəlməli idim. Yoxsa bu gün meydanda bu qədər aktiv ola bilməzdim.

 

- İstənilən halda, Dortmund təmsilçisi haqda məlumatınız az deyil...

- “Borussiya” güclüdü. Buna heç kimin şübhəsi yoxdu. Heyətlərində də təcrübəli, keyfiyyətli futbolçular var. Amma bu, futboldu. “Barselona”nın belə favorit olduğu dueldən məğlub ayrıldığı vaxtlar olub. “Borussiya”nın güclü komanda olması bizi meydana çıxmadan məğlub duruma salmır. Çalışacağıq, mübarizə aparacağıq.

 

- Deməli, şansınızın az olmadığını deyirsiz?

- Meydana çıxanda hər bir komandanın şansı var. Yetər ki, yaratdığın epizodları düzgün realizə edəsən. “Qəbələ” şanssız göstərildiyi oyunlardan qalib ayrılmağı bacarıb. Ona görə inanmaq, mübarizə aparmaq lazımdı.

0