[b]“İnter” – “Qəbələ”: Penaltini kim vuracaq?[/b]
17.03.2015 - 14:32
[b]“İnter” – “Qəbələ”: Penaltini kim vuracaq?[/b]

Topaz Premyer Liqasının XXVI turunun “İnter”lə “Qəbələ” arasında mərkəzi oyununu idarə edəcək Əliyar Ağayev mövsümdə 2-ci dəfə bu komandaların qarşılaşmasına təyinat alıb. Apasport.az saytının məlumatına görə, FİFA referisi I turda da bu iki klubu “İnter Arena”ya çıxarmışdı.

 

220 gündən sonra eyni komandaların eyni arenadakı görüşünə təyinat alan hakimin briqadası fərqli olacaq. 2014-cü il avqustun 10-da iş başında olan hakimlərdən yalnız Vüsal Əliyev yenə əlavə köməkçi funksiyasını yerinə yetirəcək. “Altılığ”ın digər 4 üzvü isə dəyişdirilib.

 

Həmin qarşılaşmada bakılılar 4:0 hesablı qələbəyə sevinmişdi. Ağayev meydan sahiblərindən Yohan Bokonyanonu, qonaqlardan isə Ruslan Abışovu sarı vərəqə ilə cəzalandırmışdı.

 

Ümumiyyətlə isə FİFA referisi mövsümün 15 çempionat oyununda fit çalıb. Bu görüşlərdə meydan sahibləri 9, qonaqlar cəmi 1 qələbə qazanıb, 5 dəfə bərabərlik qeydə alınıb. Hər tərəfin lehinə 2 penalti təyin edən Ağayevin qərarları evdə oynayanlar üçün uğurlu olub. Onlar hər iki zərbəni qola çevirib, rəqiblərinin zərbələrini buraxmayıb. Onun göstərdiyi 5 qırmızı vərəqədən 4-ü qonaqlara verilib.

 

Ədalət təmsilçisinin “Qəbələ” ilə yolları çempionat oyunlarında yalnız “İnter Arena”dakı matçda kəsişib. Əvəzində kubokun 1/4 finalının “Simurq”la Qəbələdəki matçını da idarə edib. Ağayev bu matçda da “qırmızı-qaralar”ın böyükhesablı məğlubiyyətini qeydə alıb – 0:3.

 

“İnter” isə bu referi ilə daha çox görüşüb. Bakılıların IV turun “Xəzər Lənkəran” (0:1), X turun “Qarabağ” (0:0), XVII turun “Neftçi” (2:1), XXIV turun “Simurq”la (2:1) görüşlərində də söz sahibi Ağayev olub. O, “İnter”in də, “Qəbələ”nin də  oyunlarında

penalti təyin etməyib. Bu iki komandanın iştirakı ilə keçirilən görüşlərdə Ağayev yalnız 1 dəfə qırmızı vərəqə göstərməyi lazım bilib. “Bakirlər”in “Simurq”la matçında əyalət klubu azlıqda qalıb.