[b]“İnter” AZAL-ın daha bir futbolçusunu transfer etdi[/b]
06.07.2015 - 13:07
[b]“İnter” AZAL-ın daha bir futbolçusunu transfer etdi[/b]

Azərbaycanı Avropa Liqasında təmsil edən “İnter” günün ikinci transferini gerçəkləşdirib. Klubdan apasport.az saytına verilən məlumata görə, “bankirlər” yay fasiləsində 12-ci keçidi həll ediblər.

 

Paytaxt klubu ciddi maliyyə problemi yaşayan AZAL-ın daha bir üzvünü heyətinə cəlb edib. Söhbət sağ cinah müdafiəçisi Novruz Məmmədovdan gedir. Bir müddət əvvəl “təyyarəçilər”dən Laşa Kasradze və Xuan Fransiskonu alan “İnter” Məmmədovla da anlaşıb. Hazırda yeni klubu ilə birlikdə məşqlərdə iştirak edən U-21 yığmamızın sabiq üzvü yaxın günlərdə 6 aylıq müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, “İnter” buna qədər heyətini Yuri Fomenko, Rauf Əliyev, Mirhüseyn Seyidov, Denis Silva, Laşa Kasradze, Xuan Fransisko, Nika Kvekveskiri, Tural Qürbətov, Zurab Xizanişvili, Elnur Abdullayev və Stepan Polyakla gücləndirib.