[b]“İnter” də maaşları kəsdi[/b]
01.05.2015 - 15:07
[b]“İnter” də maaşları kəsdi[/b]

“İnter”də maliyyə problemi ilə üzləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, klubda bununla bağlı iclas keçirilib və futbolçulara “pul yoxdu” deyilib.

 

Rəhbərlik təkcə futbolçulara yox, klubun bütün işçilərinə hələlik maaşların verilməyəcəyini xəbər edib. İki aydı pul üzü görməyən komanda üzvlərinə maaşların ən yaxşı halda, mayın sonlarında, yəni mövsüm bitdikdən sonra verilə biləcəyi bildirilib. Hələ həmin vaxt da borcun ödənilməsi sual altındadı.

 

Paytaxt klubunun gələn mövsümlə bağlı planları da hazırdı. Verilən qərara görə, klubun büdcəsi xeyli azaldılacaq, futbolçular indikindən qat-qat az maaşa oynayacaqlar. Oyunçulara artıq yeni müqavilə də təklif edilib. Ancaq burda qalmaq istəyirlərsə, az pula oynamağa razılıq verməlidilər. Buna isə əksər oyunçular razı deyil. Komanda heyətinin, demək olar 90 faizinin müqaviləsi mayda başa çatacaq.

 

Yüksək ödənişli yerli və əcnəbi futbolçularla yollarını ayıracaq “İnter” gələn mövsüm hədəfini kiçildərək, əsasən yerli gənclərə üstünlük verəcək və orta sıralar uğrunda mübarizə aparacaq.

 

Mövsümün sonunda Kaxaber Sxadadze ilə də yollarını ayıracaq “İnter”də bu posta yerli mütəxəssisin gətiriləcəyi artıq dəqiqləşib. Hazırda siyahıda bir neçə məsqçinin adı var. Lakin komandanın “sükanı arxasına” kimin gətiriləcəyinə mövsümlərarası fasilədə digər məsələlər həllini tapdıqdan sonra aydınlaşacaq.

 

Martda köməkçi məşqçi vəzifəsinə gətirilən Marino Pusiçin yayda baş məşqçi postunu tutacağı planlaşdırılmışdı. Lakin baş verəcək dəyişikliklər rəhbərliyi bosniyalı mütəxəssislə bağlı fərqli qərar verməyə vadar edib. Pusiçlə yanaşı, hollandiyalı idman direktoru Roland Vromansla da mövsümün sonunda yollar ayrılacaq.

 

“İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov da apasport.az saytına açıqlamasında bu məlumatların bir qismini təsdiqləyib: “Klubda maliyyə problemi var, bunu gizlətmirəm. Mart və aprel ayının maaşları ödənilməyib. Lakin rəhbərlik mövsümün sonuna qədər bu problemi yoluna qoyacaq. Klub öz öhdəliyini yerinə yetirəcək. Buna heç kimin şübhəsi olmasın. O ki qaldı heyətdə islahatların aparılmasına, bəli, klub prezidenti də müəyyən dəyişikliklərin olacağını demişdi”.

 

Ruslan SADIQOV