[b]“İnter”də 1 itki, 2 müəmma[/b]
30.03.2016 - 10:52
[b]“İnter”də 1 itki, 2 müəmma[/b]

Topaz Premyer Liqasının XXVII turu çərçivəsində bu gün “Neftçi”ni qəbul edəcək “İnter” heyətlə bağlı ciddi problem yaşamır. Klubdan apasport.az saytına verilən məlumata görə, yalnız hücumçu Rauf Əliyevin matçı buraxacağı dəqiqdi.

 

Uzunmüddətli zədədən sonra artıq kollektivlə birgə məşqlərə qoşulan yığmamızın üzvü hələ də oynamağa hazır deyil. Əliyev növbəti turdan etibarən meydana çıxa biləcək. Ancaq məşqçilər korpusu “Qəbələ” ilə görüşdə ona əvəzedici komandanın heyətində şans vermək fikrindədi. Forvard oyun praktikası qazandıqdan sonra əsas komandaya cəlb ediləcək.

 

Serbiyada müayinə olunan və son məşqlərdə kollektivə qoşulan kapitan Nizami Hacıyevin durumu isə qeyri-müəyyənliyini qoruyur. Klubun həkimləri onu “Neftçi” ilə qarşılaşmaya yetişdirmək üçün səfərbər olublar. Lakin bununla bağlı son qərarı oyun saatında baş məşqçi Zaur Svanadze verəcək.

 

Gürcüstan yığmasının heyətində dünən Qazaxıstanla yoldaşlıq görüşündə 12 dəqiqə mübarizə aparan digər yarımmüdafiəçi Nika Kvekveskirinin isə matçı buraxmaq ehtimalı daha çoxdu. Kvekveskirinin “18-liy”ə salınması istisna deyil. Amma çətin ki, baş məşqçi ona start heyətində şans versin.

 

Qeyd edək ki, “İnter Arena”da keçiriləcək “İnter” – “Neftçi” görüşü saat 18:00-da başlayacaq.