“İnter”in kapitanı Nizami Hacıyevin durumuna aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, Topaz Premyer Liqasının son 3 turunda qol vuran yarımmüdafiəçi bir müddət komandasına kömək edə bilməyəcək.
Buna səbəb Hacıyevin Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Rəvan”la cavab görüşündə zədələnməsidi. Martın 9-da baş tutan və “İnter”in 3:0 hesablı qələbə qazandığı qarşılaşmanın 23-cü dəqiqəsində zədələnən 28 yaşlı futbolçu yerini Vüqar Nadirova vermişdi. MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçən Nizaminin əzələsinin dartıldığı aşkarlanıb.
Klubun həkimləri onun ən azı 2 həftə komandadan ayrı qalacağını açıqlayıblar. Belə ki, Hacıyev 10 gün yalnız müalicə alacaq. Yalnız ondan sonra fərdi məşqlərə başlayacaq futbolçu ən yaxşı halda 2 həftədən sonra kollektivə qoşulacaq. Bu isə o deməkdi ki, kapitan çempionatda “Rəvan” və “Xəzər Lənkəran”la oyunları buraxacaq.
Son vaxtlar əla forma yığan oyunçunun martın 20-27-də Azərbaycan yığmasının Antalya şəhərində təşkil ediləcək təlim-məşq toplanışında iştirakı sual altındadı.
Qeyd edək ki, “İnter” məhz Nizami Hacıyevin son 3 turda vurduğu qollar sayəsində 7 xal qazanıb.