Azərbaycanda son günlər kredit oliqarxlarının həbs dalğasına daha 3 nəfər qoşulub. Apasport.az-ın qafqazinfo.az saytına istinadən məlumatına görə, bu dəfə saxlanılanlar da Beynəlxalq Bankdan külli miqdarda kredit götürənlərdi.
Məlumatda qeyd edilib ki, həbs olunanların siyahısında “Simurq” futbol klubunun prezidenti Anar Bəkirov da var.
Lakin klub prezidenti anspress.com saytına açıqlamasında həbs olunduğu ilə bağlı xəbəri təkzib edib və sadəcə ifadə vermək üçün istintaqa çağırıldığını söyləyib: "Mənim həbs olunmağımdan söhbət gedə bilməz. Yayılan bu məlumatlar yalandı. Hazırda hüquq mühafizə orqanları tərəfindən istintaqa çağırılmışam”.
Anar Bəkirov instintaqa dəvət olunsa da, hələ ifadə verməyib.
Qeyd edək ki, "Simurq"un da sahibi olan Cahangir Hacıyev bir müddət öncə Azərbaycan Beynəlxalq Bankındakı idarə heyətinin sədri vəzifəsindən gedib. Bu hadisədən sonra Zaqatala klubu dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.