[b]“İstirahət xeyrimizə olacaq” – Ürfan Abbasov[/b]
15.01.2018 - 00:23
[b]“İstirahət xeyrimizə olacaq” – Ürfan Abbasov[/b]

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” təlim-məşq toplanışının ilk 10 gününü arxada qoyub. Apasport.az xəbər verir ki, “qırmızı-qaralar”ın təcrübəli müdafiəçisi Ürfan Abbasov on günlük hazırlıq prosesini “gabalafc.az” saytına açıqlamasında dəyərləndirib.

 

“Toplanışın ilk günündən yaxşı hazırlıq keçirik. Mövsümün ikinci yarısına güclü məşq qrafiki ilə hazırlaşırıq. Gündə iki dəfə olmaqla çalışırıq. Həm fiziki hazırlıq keçir, həm toplu məşqlər edirik” – deyə müdafiəçi bildirib. 

 

Oyunçu komandadakı ab-hava barədə də danışıb: “On gündür məşqlərdə özümü əla hiss edirəm. Komandada atmosfer çox yüksəkdir. Toplanışın çox maraqlı keçməsi əhval-ruhiyyənin gündən-gündə daha da yüksəlməsinə təsir edir. Düşünürəm ki, hazırlığın birinci mərhələsini başa vurduqdan sonrakı üçgünlük istirahət də xeyrimizə olacaq. Vətənə baş çəkib, qayıtdıqdan sonra hazırlıqlara daha böyük səylə davam edəcəyik”.

 

Abbasov yanvarın 14-də keçirilən ilk yoxlama oyunu haqda fikirlərini də bölüşüb. O, Türkiyənin “Akhisar Bələdiyyəspor”la matçından (1:1) razı qaldığını qeyd edib: “Düzdür, toplanışa yeni başlamışdıq. İstirahətdən sonrakı hazırlığın 6-cı günündə meydana çıxdıq. Rəqib Türkiyə Superliqasında çıxış edən komanda olsa da, ilk matçda yaxşı oynadıq. Qarşıda hələ 5 yoxlama görüşümüz var. Həmin qarşılaşmalara daha yaxşı hazırlaşacağıq. Hesab edirəm ki, bu görüşlərdə də yaxşı oynayıb, mövsümün ikinci yarısına tam hazır olacağıq”.

 

0