[b]“Kəpəz” 5 əcnəbi futbolçu transfer edəcək[/b]
15.07.2015 - 10:51
[b]“Kəpəz” 5 əcnəbi futbolçu transfer edəcək[/b]

“Türkiyədə 3 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Hansı komandalarla qarşılaşacağımız hələlik məlum deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Gəncə klubu iyulun 17-dən 26-na qədər Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı keçirəcək. Diniyev təkcə məşqlərlə kifayətlənməyərək, yoxlama görüşlərində də yetirmələrinin hazırlıq səviyyəsini izləyəcək.

 

Ərzurumda “Kəpəz”in düşərgəsinə yeni futbolçular da qatılacaq.

 

Diniyev legioner transferlərini məhz Türkiyədə həll etmək istədiklərini bildirib: “Biz artıq yerli futbolçuların transferini yekunlaşdırmışıq. İndi qalır legionerləri cəlb etmək. Menecerlərlə danışıqlar gedir. Türkiyədə düşərgəmizə Braziliya, Ukrayna və Nigeriyadan futbolçular baxışa gələcək. Onları yoxladıqdan sonra hansını saxlayıb, hansını yola salacağıma qərar verəcəm”.

 

“Kəpəz”in baş məşqçisi qeyd edib ki, 5 əcnəbi futbolçuya ehtiyacı var: “Elə mövqelər var ki, onlara mütləq yeni oyunçular cəlb olunmalıdı. Konkret 5 legioner alınmalıdı. Bizə qapıçı, mərkəz müdafiəçisi, sol cinah yarımmüdafiəçisi, pleymeyker və hücumçu lazımdı”.