Topaz Premyer Liqasının (TPL) XXV turu I diviziona yuvarlanan komandanın adına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, “Kəpəz”in mövsümü sonuncu - 8-ci pillədə başa vuracağı rəsmiləşib.
Səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olan Gəncə təmsilçisinin önündəki iki komanda qalibiyyətə sevinib. Əvvəlcə dünən “Keşlə” “Neftçi”ni (2:1) əliboş yola salmaqla elitadakı yerini təmin edib.
Turun qapanış matçında isə “Səbail” gözlənilmədən “Sumqayıt”a səfərdə (2:1) qalib gəlib. Bu nəticə ilə debütantın da ən pis halda 7-ci yeri tutacağı müəyyənləşib.
Beləliklə, aktivində 13 xalı olan “Kəpəz” son 3 turda qələbə qazansa belə, “zirzəmi”dən qurtula bilməyəcək. Çünki onun 7-ci pillədəki “Səbail”lə arasındakı xal fərqi 10-a yüksəlib.
Qeyd edək ki, Premyer Liqaya vəsiqə qazanan 3 komandadan ikisi artıq məlumdu. Söhbət əsasnaməyə görə elitada oynamaq hüququ qazanan klublardan gedir. Bu mövsüm ilk üç yeri tutan I divizion təmsilçisi yüksək liqaya çıxmalıdı. “Xəzər” və “Qaradağ Lökbatan” artıq ilk “üçlük”də yerini təmin edib.
Amma “üçlük”də təmin olunan yer Premyer Liqa üçün yetərli deyil. Çünki mükafatçı komanda həm də lisenziyalaşdırma tələblərinə görə elitaya uyğun gəlməlidi.