[b]“Kəpəz” Premyer Liqada adına layiq çıxış edəcək”[/b] - klub prezidenti
09.05.2015 - 13:21
[b]“Kəpəz” Premyer Liqada adına layiq çıxış edəcək”[/b] - klub prezidenti

“Bütün Gəncə futbolsevərlərini təbrik edirəm. Artıq şəhərimizdə də böyük futbol olacaq” Bu sözləri apasport.az saytına açıqlamasında Gəncənin “Kəpəz” klubunun prezidenti Mehman Allahverdiyev deyib.

 

O, Qərb təmsilçisinin Premyer Liqada oynamaq üçün lisenziya almasına münasibət bildirib. Allahverdiyev AFFA-nın Lisenziyalaşdırma Komissiyasının qərarına sevindiyini açıqlayıb: “Azarkeşlərimiz Premyer Liqaya televiziya ilə baxıb, həsəd aparırdılar. Yeni mövsümdən onlar bu həyəcanı stadiondan izləyə biləcək. Azərbaycan idmanı inkişaf edir. Avropa Oyunları kimi mötəbər yarış Bakıda keçiriləcək. Bütün bunlar ölkə rəhbərliyi, dövlət başçısının tərəfindən idmana göstərilən qayğının nəticəsidi. Biz bunları görüb daha da ruhlanırıq. 2 ildi I divizionda çıxış edirdik. AFFA rəhbərliyi sağ olsun, həmişə “Kəpəz”ə dəstək olub. Çalışıblar ki, komandada heç bir problem olmasın. Bu gün lisenziya almağımızla bağlı xəbəri eşitdik, çox sevindik. Gəncə azarkeşləri adından onlara təşəkkür edirəm. Bilirəm ki, AFFA rəhbərliyi futbolun bölgələrdə inkişafı və bərpasına çalışır.  Bu gün “Kəpəz” Premyer Liqada oynamağa lisenziya qazandı. Bu günü digər bölgə komandalarına, Qərb zonasının klublarına da arzulayıram”.

 

Allahverdiyev bildirib ki, “Kəpəz”in heyəti gücləndiriləcək. Bunun üçün maliyyənin vacibliyini vurğulayan klub rəhbəri sponsorların cəlb olunmasından danışıb: “Premyer Liqaya aşağı dəstədən gələn komandalar həmişə ilk növbədə futbolçu məsələsini həll etməli olur. Oyunçular transfer etməliyik. Bunun üçün maliyyə lazım olacaq. AFFA da bizə dəstək olacaq. 1-2 sponsorla da özümüz danışıqlar aparırıq. Yəqin ki, yaxın müddətdə bu məsələ də öz həllini tapar. “Kəpəz” də Premyer Liqaya qayıtdıqdan sonra adına layiq çıxış edəcək”.