Növbəti mövsüm Topaz Premyer Liqasında (TPL) iştirak edəcək komandaların sayı ilə bağlı söz-söhbət səngimək bilmir. Apasport.az saytının əldə etdiyi məlumata görə, hazırda elitada mübarizə aparan 8 klub 2018-19 mövsümünü də ölkə birinciliyində keçirəcək.
Doğrudu, yüksək liqanın sonuncusu olan “Kəpəz”in turnir cədvəlindəki mövqeyini dəyişməyəcəyi dəqiqləşib. Bu isə o deməkdi ki, Gəncə təmsilçisi reqlamentə görə, I diviziona düşməlidi.
AFFA-nın “Kəpəz”i Premyer Liqada saxlamaq niyyəti isə çoxdan var. Assosiasiya əslində I diviziondan 2 komandanın cəlb olunması ilə 10 komandalı sistemə keçməyi planlaşdırırdı. Di gəl ki, “aşağı”dan yüksəlmək ehtimalı olan yeganə komanda “Xəzər”di. “Sabah” da daxil olmaqla, digərlərinin tələblərə cavab verməməsi AFFA-nı çətin duruma salıb.
“Kəpəz”in 2018-19 mövsümünü də Premyer Liqada keçirəcəyi artıq dəqiqdi. İndi yalnız “Xəzər”lə bağlı məsələ müəmmalı olaraq qalır. Hazırkı vəziyyətdə I divizionun liderinin elitaya yüksəlmək şansı o qədər də yüksək qiymətləndirilmir. Amma klub rəhbərliyi AFFA İcraiyyə Komitəsinin mayın 11-də keçiriləcək iclasına qədər qurumu inandırmağı bacarsa, o zaman çempionatımızda anormal hal yaşanacaq. Yəni, belədə azarkeşlər 9 komandalı çempionata şahidlik edəcəklər.
Qərar 9 komandalı çempionatın xeyrinə olarsa, o zaman gələn mövsüm hər tur bir klub məcburi istirahət edəcək və iki həftədən bir oyun keçirməli olacaq. Yəni dünya futbolunda nadir hallarda rast gəlinən vəziyyət yaranacaq.
Qeyd edək ki, cari mövsüm Avropada komandaların sayı tək olan yeganə çempionat San-Marino yüksək liqasıdı. Bu ölkənin yüksək liqasında 15 klub mübarizə aparır.