[b]“Keşlə”nin icraçı direktoru: Şübhə başqadı, dəlil başqa[/b]
30.11.2017 - 16:52
[b]“Keşlə”nin icraçı direktoru: Şübhə başqadı, dəlil başqa[/b]

“Bəzi futbolçular son vaxtlar potensiallarından aşağı səviyyədə çıxış edirdilər. Biz də bundan şübhələnmişdik”. Bu sözləri apasport.az saytına “Keşlə” klubunun icraçı direktoru Rəmiş Malıyev deyib.

 

Paytaxt klubunun 2 futbolçusu Nizami Hacıyev və Mirhüseyn Seyidov oyun alqı-satqısında iştirak etdikləri şübhəsi ilə dünən saxlanılıblar.

 

Məsələyə münasibət bildirən Malıyev hazırda ətraflı məlumata malik olmadıqlarını söyləyib. Klub rəsmisi futbolçuların zəif çıxışının onlarda bir müddətdi şübhə yaratdığını da etiraf edib: “Biz də mətbuatda yazılanlar qədər bilirik. Hüquq-mühafizə orqanları məsələni araşdırır. Ancaq komandanın ardıcıl məğlubiyyətləri və futbolçuların zəif çıxışı bizdə şübhə yaratmışdı. Buna baxmayaraq, hər hansı bir sübutumuz yox idi. O ki qaldı şübhələndiyimiz təqdirdə, futbolçuların oyunlarda meydana çıxmalarına, bu məsələdə qərarı baş məşqçi verir. Axı hisslərə əsasən həmin oyunçuları kənarda saxlamaq da doğru olmazdı. Şübhə başqadı, dəlil başqa”.

 

AFFA-nın sabiq hüquqşünası Hacıyevlə Seyidovu cəza gözlədiyini də sözlərinə əlavə edib: “Əlbəttə ki, günahları sübuta yetirilərsə, futbolçuları cəza gözləyir. Ancaq gəlin, tələsməyək. Hüquq-mühafizə orqanlarının araşdırmasının yekununu gözləmək lazımdı. Yəqin ki, sabaha qədər bir açıqlama olar”.

 

0