“Oyunumuzu bir qədər də yaxşılaşdırmalıyıq. Pley-off mərhələsində də yaxşı nəticəyə imza atmaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kopenhagen”in norveçli baş məşqçisi Stole Solbakken deyib.
Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində “Vardar”la qarşılaşan Danimarka təmsilçisi iki oyunun nəticəsinə görə, 4:2 hesablı qələbə qazanaraq, adını pley-offa yazdırıb. “Kopenhagen”in bu mərhələdəki potensial rəqibləri sırasında Azərbaycan çempionu “Qarabağ”ın da adı var. Danimarkalıların “Slaviya” (Çexiya), “Riyeka” (Xorvatiya), “Hapoel Ber-Şeva” (İsrail) və “Astana” (“Qazaxıstan”) ilə qarşılaşmaq ehtimalları da var.
Solbakken ölkəsinin mətbuatına açıqlamasında “Kopenhagen”in ÇL-dəki çıxışını dəyərləndirib: “Çempionlar Liqasının qrup mərhələsinə 2 dəfə komanda çıxarmışam. Pley-offdakı potensial rəqiblərimizi bilirəm. Onların sırasında zəifi yoxdu”.
Təcrübəli mütəxəssis daha yaxşı çıxış etmək üçün yeni futbolçulara ehtiyacının olduğunu qeyd edib: “Gündəlik hazırlığımızı davam etdiririk. Amma komandamız gücləndirilməlidi. Heyətimiz kasaddı, seçim imkanım geniş deyil. ÇL-in qrupunu hədəfləyiriksə, bundan güclü olmalıyıq. Problem ondadı ki, istədiyimiz oyunçuların qiyməti həddindən artıqdı və ya yüksək məvacib tələb edirlər. İstənilən halda, “Kopenhagen”i hər kəs ciddi rəqib sayır. Çünki Çempionlar Liqasının qrup mərhələsi bizə tanışdı”.
Qeyd edək ki, Stole Solbakken 2013-cü ildən “Kopenhagen”i çalışdırır.