[b]“Kosovo ilə oyundan imtina etdik” – Elxan Məmmədov[/b]
28.01.2016 - 14:09
[b]“Kosovo ilə oyundan imtina etdik” – Elxan Məmmədov[/b]

“Biz Kosovonun müstəqilliyini tanımırıq. Onların turnirdə iştirak edəcəyini bilmirdik”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.

 

Türkiyədə keçirilən “Antalya cup” turnirində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə yanaşı, Kosovo da iştirak edir. Bu isə birmənalı qarşılanmayıb.

 

Məsələyə aydınlıq gətirən Elxan Məmmədov Kosovo ilə oynamaqdan imtina etdiklərini bildirib: “Yarışdan əvvəl Kosovonun da həmin turnirdə iştirak edəcəyi ilə bağlı bizə rəsmi sənəd gəlməmişdi. Biləndən sonra mövqeyimizi açıqladıq ki, son turda onlarla görüşə çıxmayacağıq. 11-12 yaşlıların oyunu olsaydı, bəlkə də, komandamız meydana çıxardı. Çünki siyasi məsələlərin uşaqların futbol oynamalarına mane olmasını istəməzdik. Amma bu, milli komandadı. Bu səbəbdən də biz Kosovo ilə matça çıxmaqdan imtina etmişik. Onsuz da, bu gün Bəhreyn üzərində qələbə qazansaq, turnirin birincisi olacağıq”.

 

Qeyd edək ki, “Antalya cup”ın IV turu çərçivəsində hazırda Bəhreynlə qarşılaşan Azərbaycan millisi 2:0 hesabı ilə öndədi.

0