[b]Buvaç "Liverpul"da qalacaq, ancaq...[/b]
30.04.2018 - 12:41
[b]Buvaç "Liverpul"da qalacaq, ancaq...[/b]

"Liverpul"un köməkçi-məşqçisi Jelko Buvaç mövsümün sonuna qədər komandadan uzaq qalacaq. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, bosniyalı mütəxəssis şəxsi məsələlər səbəbindən "qırmızılar"dan ayrı düşəcək.

 

Daha öncə "Daily Record" Kloppla aralarında yaşanan fikir ayrılığı səbəbindən Buvaçın komandanı tərk edəcəyini yazmışdı. "Liverpul"dan BBC-yə verilən açıqlamada xəbərin reallığı əks etdirmədiyi, Buvaçın şəxsi məsələlərə görə sadəcə bu mövsümün sonunu qaçıracağı və yeni mövsümdən etibarən yenidən işinin başında olacağı bildirilib.

------------------------------------------------------------------------------------------------------------------------

Yurgen Kloppun uzun müddətdi birgə çalışdığı köməkçisi Jelko Buvaç “Liverpul”dan ayrılır. Apasport.az saytının “Daily Record”a istinadən məlumatına görə, Kloppla aralarında yaranan fikir ayrılığı yekunda bosniyalı mütəxəssisin klubu tərk etməsi ilə nəticələnib.

 

Oyunların gedişində Buvaçla Kloppun danışmamağı, o cümlədən, 56 yaşlı köməkçi-məşqçinin bir müddətdi taktiki məşğələlərdə iştirak etməməsi diqqət çəkirdi.

 

Klub daxilindəki mənbədən “Daily Record”a bildirilib ki, artıq futbolçulara Buvaçın komandadan ayrılacağı barədə məlumat verilib: “Klopp və Buvaç arasında ciddi münaqişə yaşanıb. Jelko son günlərdə klub daxilində heç bir funksiya daşımır. Buvaç taktiki məşğələlərə qatılmır, heyətin müəyyənləşdirməsi zamanı fikir bildirmir. Əvvəllər Klopp onu dinləyərdi. İndi onların əlaqələri pozulub. Artıq futbolçulara Buvaçın komandanı tərk edəcəyi deyilib”.

 

Qeyd edək ki, “Maynts”da Yurgen Kloppun komanda yoldaşı olan Jelko Buvaç 2001-ci ildən bəri alman çalışdırıcının köməkçisi idi. O, məşq metodlarının müxtəlifliyinə görə dünyanın ən öndə gələn mütəxəssislərindən biri hesab olunur.