[b]“Məni ən çox varlılar və kasıblar arasındakı fərq təəccübləndirir” - MÜSAHİBƏ[/b]
04.05.2018 - 16:38
[b]“Məni ən çox varlılar və kasıblar arasındakı fərq təəccübləndirir” - MÜSAHİBƏ[/b]

“Səbail”in hollandiyalı müdafiəçisi Ayrton Statyenin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXVI turunda sabah “Zirə” ilə qarşılaşacaqsınız. Komanda oyuna tam hazırdımı?

- Matça hazırlıqlarımız yüksək səviyyədə davam edir. Bütün diqqətimizi 100 faiz bu görüşə yönəltmişik. Məqsədimiz təbii ki, meydanı 3 xalla tərk etməkdi. Çünki evdə oynayacağıq. Baxımlı futbol sərgilmək və azarkeşlərə gözəl qələbə hədiyyə etmək istəyirik.

 

- “Sumqayıt” üzərində ötən turda qazandığınız sürpriz qalibiyyət sabahkı oyunun hazırlığına nə dərəcədə təsir edib?

- “Sumqayıt”la oyuna da qələbə üçün çıxmışdıq. Əlbəttə ki, bu qalibiyyət bizə əlavə motivasiya verdi. Bu üzdən “Zirə” ilə görüşə yüksək əhval-ruhiyyədə çıxacağıq.

 

- “Sumqayıt”ı məğlub etdikdən sonra bu komandanın Avropa Liqasına vəsiqə uğrundakı rəqibləri “Zirə” və “Neftçi” ilə üz-üzə gələcəksiniz. Demək olarmı ki, Avropa Liqasına gedəcək komandanı “Səbail” müəyyənləşdirəcək?

- Biz yaxşı futbolçulara malik olan komandalarla qarşılaşacağıq. Lakin güclü rəqiblərə qarşı mübarizə aparmağı bacardığımızı artıq sübut etmişik. O ki qaldı sizin sualınıza, bununla tamamilə razıyam. Çox istərdim ki, gələn mövsüm “Səbail” də avrokubok uğrunda mübarizə aparsın.

 

- Finişə artıq 3 tur qalıb. Cari mövsümü “Səbail” üçün necə dəyərləndirərdiniz?

- 6-cı yer bu mövsüm bizim üçün ən yüksək ehtimaldı və bütün gücümüzlə buna doğru gedirik. Unutmayaq ki, bu, “Səbail”in Premyer Liqada debüt ilidi. Əgər bir az bəxtimiz gətirsəydi, daha yüksək nəticə əldə edə bilərdik.

 

- İlk dəfədi legioner həyatı yaşayırsınız. “Səbail”dəki birinci mövsümünüzü necə dəyərləndirərdiniz?

- Həqiqətən də, ilk dəfədi Hollandiyadan kənarda oynayıram. Hər şey yaxşı başlamışdı. Lakin vaxt keçdikcə hələ də adaptasiya problemi olduğunun fərqinə vardım. Klubdakı insanlarla söhbət etdikdən sonra özümü daha yaxşı hiss etməyə başladım.

 

- Uyğunlaşma dönəmini geridə qoya bilmisinizmi?

- Geriyə boylanıb ilk mövsümümdəki oyunlara baxanda, mənim üçün uyğunlaşma dönəminin çətin keçdiyini görürəm. Burda mədəniyyət və düşüncə tərzi mənim öyrəşdiyimdən fərqlidi.

 

- Azərbaycan Premyer Liqasının səviyyəsi gözlədiyiniz kimi oldu?

- Bəli, səviyyə gözlədiyim kimi oldu. Yalnız boş tribunaların olacağını gözləmirdim.

 

- Hollandiya ilə Azərbaycan futbolu arasında fərq çoxmu böyükdü?

- Məncə, iki ölkənin futbolunda rəqabət fərqlidi. İnsanlar futbol haqda fərqli düşünürlər.

 

- Azərbaycanın ən güclü komandası sayılan “Qarabağ”ı səviyyə baxımından Hollandiyanın hansı klubu ilə müqayisə etmək olar?

- Fikrimcə, “Qarabağ” Hollandiyanın yüksək liqasında oynaya biləcək səviyyədədi. Bu komandanın Çempionlar Liqasındakı matçlarını görmüşəm. Əla oyun nümayiş etdirmişdilər.

 

- Gənc yaşda mədəniyyəti fərqli olan ölkəyə gəlmisiniz. Ən çox nələrdə çətinlik çəkdiniz?

- Məncə, o qədər də çətinliyi yoxdu. Lakin təbii ki, gənc bir oğlanın evindən, ailəsindən uzaqda yaşaması heç də asan deyil. İstənilən halda deyə bilərəm ki, hərtərəfli formalaşmağıma kömək oldu. Futbol baxımından ən çətini baş məşqçi ilə birbaşa ünsiyyət qurmaqdı. Çünki mən Azərbaycan dilini bilmirəm, o isə ingilis dilində danışmır. Futboldan kənar Azərbaycanda mənim üçün heç nə çətin deyil.

 

- Azərbaycanda ən çox nəyə təəccübləndiniz və burda bəyənmədiyiniz bir şey varmı?

- Məni ən çox varlılar və kasıblar arasındakı fərq təəccübləndirir. Şəhərin mərkəzinə doğru çox irəlilədikcə hər şey daha müasir görünür. Lakin kənarlara getdikcə buna az rast gəlinir. Burda xüsusən sevdiyim və ya sevmədiyim bir şey yoxdu. Şəhərin mərkəzi tez-tez getdiyim yerdi. Çünki bura yaxın qalıram.

 

- Gəlməmişdən əvvəl Azərbaycan haqqında eşitdiklərinizlə burda gördükləriniz arasında nə kimi fərqlər var?

- Hollandiyada azərbaycanlı bir dostum var. Gəlməzdən əvvəl ondan ölkəniz barədə soruşmuşdum. Dostum mənə Bakı haqda danışanda çox sevinmişdim. O nə demişdisə, gördüklərimlə eyni oldu.

 

- “Səbail”lə müqavilə müddətiniz bitmək üzrədi. Yeni sazişlə bağlı danışığa başlamısınızmı?

- Bəli, anlaşmamın müddəti bu ayın sonunda bitir. Eşitdiyimə görə, klubda məndən razıdılar. Ancaq hələ yeni müqavilə təklifi almamışam.

 

- Başqa təklifləriniz varmı?

- Menecerimdən bir sıra klubların mənə maraq göstərdiklərini eşitmişəm. Azərbaycan klubları da bura daxildi. Lakin “Səbail”də xoşbəxtəm. Bu klubda uzun müddət qalmaq üçün rəhbərliklə danışıq aparmaq istəyərdim. Doğrudu, gələcəklə bağlı bir plan qurmamışam. Amma bir daha təkrar edirəm ki, burda qalmaq istəyirəm. Gələcəkdə necə olacaq, bunu zamanla görəcəyik.

 

Ruslan SADIQOV