[b]“Mərdiməzar” Prosineçki[/b]
05.09.2017 - 11:10
[b]“Mərdiməzar” Prosineçki[/b]

Əfran İsmayılov Azərbaycan millisinin tarixinə azsaylı dubl müəlliflərindən biri kimi düşüb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə qarşılaşmasında 2 qol vurub.

 

Bu, Azərbaycan yığmasının tarixində yubiley – 10-cu dubldu. Belə ki, indiyədək komandamızın üzvləri 9 dəfə dubla imza atmışdı.

 

Sonuncu belə hadisə 2015-ci il sentyabrın 6-da yaşanıb. Həmin vaxt Rahid Əmirquliyev Maltada meydan sahibləri ilə görüşdə 2 qola imza atıb.

 

Ümumilikdə isə 10 dubla 9 oyunçu müəlliflik edib. Yalnız Qurban Qurbanov 2 dəfə bunu bacarıb. Rahidlə Əfrandan başqa, Nazim Süleymanov, Ruslan Lukin, Vladislav Qədirov, Nadir Nəbiyev, Samir Əliyev, Rüfət Dadaşov millinin heyətində dubla sevinib.

 

Maraqlıdı ki, yığmamızın tarixində indiyədək het-trik olmayıb. Futbolçularımız üçün bir qarşılaşmada maksimum 2 qoldu ki, bunu da 9 nəfər bacarıb.

 

Lakin San-Marino ilə görüşdə tarixi hadisə, bir ilk reallaşa bilərdi. Çünki artıq 57-ci dəqiqədə dublunu rəsmiləşdirən Əfranın 3-cü qol üçün əsas vaxtın 33 dəqiqəsi olub. Amma yığmamızın baş məşqçisi Robert Prosineçki 62-ci dəqiqədə İsmayılovu əvəzləyib.

 

Hərçənd, rəqibin çox zəif olması, Əfranın isə qol duyumunun açılması het-trik gözləməyə əsas verirdi. Amma xorvatiyalı rekordlarla zəngin görüşdə bunun da yaşanmasına mane oldu.