“Avropa Liqasında çıxış ötən mövsüm qazandıqlarımızın mükafatıdı. Bu anlardan həzz alırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Mladost” klubunun futbolçusu İvan Miloşeviç deyib.
Avropa Liqasının I təsnifat mərhələsinin “İnter”lə bu gün keçiriləcək ilk oyunu öncəsi baş tutan mətbuat konfransında iştirak edən futbolçu iddialı danışıb. 33 yaşlı müdafiəçi bildirib ki, meydana ancaq qələbə üçün çıxacaqlar: “Dolu tribunalar önündə oynayacağımızı gözləyirəm. Biz də “Mladost”u dəstəkləmək üçün stadiona gələn azarkeşləri məyus etməməyə çalışacağıq. Qələbə mütləq şərtdi. Komandamızda gənclər də, təcrübəlilər də var. Onların sintezini yaratmaqla irəliləyişə nail olmalıyıq”.
Qeyd edək ki, “İnter”lə “Mladost” arasında bugünkü ilk oyun Serbiyada baş tutacaq.