Avropa Liqasının I təsnifat mərhələsində “İnter”i qəbul edəcək “Mladost”un bugünkü qarşılaşmada hansı “11-lik”lə mübarizə aparacağı müəyyənləşib. Apasport.az saytının Serbiya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Nenad Milovanoviçin meydana buraxacağı təxmini heyətdə sürpriz ad olmayacaq.
Belə ki, komanda bakılılar önünə ideal heyətlə çıxa biləcək. Çərçivədə Nemanya Krznariçin dayanacağına şübhə yoxdu.
Onun önündə Boqdan Miloşeviçlə Miloş Şatara qapının toxunulmazlığının qeydinə qalacaqlar. İvan Miloşeviç və Nikola Andriç isə müvafiq olaraq müdafiənin sol və sağ cinahlarında olacaqlar.
Milovanoviç digər mövqelərdə kimə şans verəcəyini də müəyyənləşdirib. Sadəcə, serbiyalı həmkarlarımız həmin oyunçuların meydandakı yerlərini çalışdırıcının sisteminə görə tutacaqlarını yazıblar. Doğrudu, “Mladost”un əsas taktiki düzülüşü 4-5-1-di. Ancaq Milovanoviç bəzən 4-4-2-dən də yararlanır.
Proqnozlaşdırılan ilk düzülüşə görə, Aleksandr Peyoviçlə Vladimir Radivoyeviç orta sahədə mübarizə aparacaq. Pleymeyker funksiyasını yerinə yetirəcək Nenad Marinkoviçin işi cinahları və hücumu topla təmin etmək olacaq.
Saşa Yovanoviç və Miloş Trifunoviçin cinahlarda yer alması gözlənilirsə, hücumun sivri ucunda Obiora Odita qol axtarışında olacaq.
Top “Mladost”un oyunçularında olduğu zaman komandanın sxemi 4-3-3-ə dəyişəcək və Yovanoviçlə Trifunoviç insayd oynayacaqlar.
Əgər baş məşqçi 4-4-2 taktiki sxeminə üstünlük versə, o zaman Oditaya hücumda Trifunoviç tərəfdaşlıq edəcək. Belədə Yovanoviç yarımmüdafiənin solunda, Marinkoviç isə sağında mübarizə aparacaq.
Qeyd edək ki, bu gün “Mladost” stadionunda keçiriləcək “Mladost” – “İnter” görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.