“Monako”nun Bakıya gələcəyi tarix müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Qarabağ”ın Avropa Liqasındakı rəqibi bu gün Azərbaycana səfər edəcək.
Əvvəlcə səhər saatlarında Fransada son məşqini edəcək Leonardo Yardimin komandası Bakı vaxtı ilə saat 17:00-da ölkəni tərk edəcək. Knyazlıq klubunu gətirəcək təyyarə saat 22:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək. Komanda sabah Bakıda görüş öncəsi son məşqinə çıxacaq. Bundan əvvəl, yəni saat 17:15-də baş məşqçinin iştirakı ilə mətbuat konfransının keçirilməsi planlaşdırılır.
Noyabrın 5-də “Qarabağ”la qarşılaşacaq Fransa təmsilçisi oyundan sonra, yerli vaxtla saat 23:55-də Azərbaycanı tərk edəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Monako” matçı saat 20:00-da başlayacaq.