[b]“Müdafiə xəttində kobud səhvlər buraxdıq” – Məhəmməd Mirzəbəyov[/b]
12.10.2015 - 15:41
[b]“Müdafiə xəttində kobud səhvlər buraxdıq” – Məhəmməd Mirzəbəyov[/b]

Azərbaycan yığmasının və “Qəbələ” klubunun müdafiəçisi Məhəmməd Mirzəbəyovun apasport.az saytına müsahibəsi

 

- İtaliya ilə oyunun start heyətində yer almamışdız. Son dəqiqələrdə qoşulduğunuz matçla bağlı fikirləriniz maraqlıdı...

- Yığmamız yaxşı oyun göstərdi. Yeganə məyusedici məqam o oldu ki, səhvlər buraxdıq. Rəqib də bundan yararlanıb, bizə qalib gəldi. İtaliya millisi çox güclüdü. Üstəlik, ən yaxşı oyunlarından birini keçirdilər. Onlara qələbə lazım idi. Çünki Avropa çempionatına vəsiqəni rəsmiləşdirmək istəyirdilər. Rəqibin qapısına qədər yaxınlaşırdıq, ancaq son nöqtəni qoya bilmirdik. Topa nəzarət baxımından da üstünlük bizim tərəfimizdə idi.

 

- İtaliyanın ilk 2 qolu müdafiə xəttimizin kobud səhvindən sonra oldu. Komanda yoldaşlarınızın bu cür səhvlər buraxacağını gözləyirdizmi?

- Açığı, mənim üçün gözlənilməz oldu. Müdafiədə, doğrudan da, kobud səhvlər buraxdıq. Mən bunu İtaliyanın hücum xəttinin çox güclü olması ilə əlaqələndirməzdim. Bu vaxta qədər böyük oyunlarda az oynamamışıq. Futbolçularımız həm millinin heyətində, həm də klublarda beynəlxalq oyunlar keçirirlər. Ancaq belə səhvlər buraxmırdıq. Düzdü, bu, futboldu və hər zaman oyunun yaxşı alınmır. Amma yenə də məyus oldum.

 

- Əgər ilk hissə 1:1 hesabı ilə nəticələnsəydi, komandamız oyundan xalla ayrıla bilərdimi?

- Təbii ki, belə olan halda, işimiz asanlaşacaqdı. Komandada özünəinam yaranacaqdı. Bir də ki, İtaliya kimi komandalara qol vurmaq heç də asan deyil. Hamı bilir ki, İtaliyanın müdafiə xətti dünyanın ən güclü müdafiələrindəndi.

 

- Yığmamız ilk dəfə idi ki, Bakı Olimpiya Stadionunda oyun keçirirdi. Atmosfer xoşunuza gəldi?

- Biz qol vuranda stadiondakı atmosfer çox xoşuma gəldi. Azarkeşlərin səsi stadionu bürümüşdü. Amma oyunun qalan hissəsində bunu görmədik. Yenə də sağ olsunlar ki, o cür hava şəraitində millini dəstəkləməyə gəldilər. Yaxşı olar ki, təkcə qol zamanı yox, oyunun digər bölümlərində də elə səs çıxarsınlar. Çünki bu, futbolçularda özünəinamı artırır. İstər-istəməz psixoloji cəhətdən güclənirsən.

 

- Millimiz bu seçmə mərhələdəki son oyununu sabah Bolqarıstana qarşı keçirəcək. Sofiyada qələbəyə imza ata biləcəyikmi?

- Mən də qələbəyə ümid edirəm. Futbolda hər nəticə mümkündü. Amma əlimizdən gələni edəcəyik ki, Bolqarıstana qalib gələk. Əsas odu ki, öz oyunumuzu göstərə bilək və sona qədər mübarizə aparaq. Asan oyun olmur. Qələbə qazanmaq üçün çox çalışmaq lazımdı.

 

- Robert Prosineçki Azərbaycan yığmasının baş məşqçisi postunda ona bəslənən ümidləri doğrulda bilirmi?

- Bəli, doğruldur. Onun gəlişindən sonra Azərbaycan millisi futbol oynamağa başladı. Psixoloji mənada futbolçular çox gücləndilər. Prosineçki futbolçuların üzərində basqı yaratmır, sərbəstlik verir. Buna görə də, onun rəhbərliyi altında oynamaq çox xoşdu. Komandada əla atmosfer yaradıb. Hətta səhvin olanda da dəstək olur. Prosineçki yaxşı məşqçi olmaqdan əlavə, həm də yaxşı insandı.

 

- Növbəti seçmə mərhələdə millimizin hədəfi nə olmalıdı?

- DÇ-2018-in seçmə mərhələsində asan qrupa düşməmişik. Ümumiyyətlə, asan rəqib olmur. Fikir verirsizsə, Norveç yığması bu seçmə mərhələdə necə çıxış etdi. İndi bütün komandalar “artırıblar”. İslandiya və Albaniya bu seçmə mərhələdə yaxşı oyun nümayiş etdirdi. Futbol hər yerdə inkişaf edir. Biz də özümüzü yaxşı tərəfdən göstərə bilərik. Bunun üçün çox çalışmaq lazımdı.

 

Tengiz MƏMMƏDOV / Sofiya

0