[b]“Nazarov özünü milli qəhrəman kimi göstərdi”[/b]
11.04.2017 - 18:10
[b]“Nazarov özünü milli qəhrəman kimi göstərdi”[/b]

“Nazarov hazırda əla formadadı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Aue” klubunun prezidenti Helqe Leonhardt deyib.

 

Almaniya mətbuatına açıqlama verən II Bundesliqa təmsilçisinin rəhbəri komandanın futbolçusu Dmitri Nazarov haqda danışıb. O, Azərbaycan yığmasının da formasını geyinən 27 yaşlı yarımmüdafiəçi haqda müsbət fikirlər səsləndirib.

 

Nazarovun DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Almaniya matçındakı (1:4) çıxışına toxunan Leonhardt ondan razılığını dilə gətirib: “Nazarovun əsas hədəfi Azərbaycan yığmasının Almaniyaya qarşı keçirdiyi oyunda iştirak etmək idi. Mən bunun canlı şahidi oldum. Nazarov həmin görüşdə özünü milli qəhrəman kimi göstərdi. Klubun düşərgəsinə də böyük enerji ilə qayıtdı. Həmin vaxtdan Dmitri formasının pik həddindədi, özünə tamamilə güvənir. Bu inamı bütün komandaya ötürür”.

 

Leonhardt söhbət əsnasında Nazarovun klubundakı çıxışını da dəyərləndirib. O, təcrübəli yarımmüdafiəçinin son vaxtlardakı məhsuldarlığını ön plana çəkib: “Dmitri Azərbaycan yığmasının düşərgəsinə yollanmamışdan öncə “Boxum”la matçda fərqləndi. Millidə qol vurub, “Aue”nin düşərgəsinə qayıdandan sonra “Sankt-Pauli”yə qarşı yaxşı oyun keçirdi. “Münhen 1860”la matçda isə 2 qol vurdu və komandanın qələbəsində mühüm rol oynadı. Bu, fenomenal çıxışdı”.

 

Qeyd edək ki, Nazarov “Aue”yə 2016-cı ildə “Karlsrue”dən transfer olunub.  

0