“Neftçala” Topaz Premyer Liqasının 2015/16 mövsümündə çıxış edəcək. Apasport.az saytının məlumatına görə, Neftçala təmsilçisi I divizionda XXVI turun ilk oyun günündən sonra yüksək liqaya vəsiqə əldə edib.
Belə ki, səfərdə MOİK-i 4:1 hesabı ilə məğlub edən komanda çempionatın sonrakı matçlarının nəticəsindən asılı olmayaraq, ilk 2 pillədən birini təmin edib.
69 xala malik “Neftçala” çempionatda çıxışını dayandıran “Lokomotiv”lə oyunu da qalıb. Bu da o deməkdi ki, komanda bütün qarşılaşmalarda uduzsa belə, 72 xalı olacaq. Digər komandalardan yalnız “Rəvan” lideri arxada qoya bilər. Bunun üçün bakılılar 5 matçda 5 qələbə qazanmalıdı.
Elə 2-ci pillə də “Neftçala” üçün Premyer Liqaya vəsiqə verir. Amma hələ onların elitaya vəsiqəsi hüquqi tərəfdən də rəsmiləşməlidi. AFFA-nın İcraiyyə Komitəsinin martın 6-dakı qərarına əsasən, klub lisenziyalaşmadan da uğurla keçməlidi.
Qeyd edək ki, komitənin qərarında 2015/2016-cı il mövsümündə Topaz Premyer Liqası klublarının sayı 10 klub olaraq müəyyənləşməsi əksini tapıb. Buna əsasən, cari mövsümdə Topaz Premyer Liqasında sonuncu pilləni tutmuş komanda çıxışını I divizionda davam etdirəcək. Aşağı dəstədən Premyer Liqaya AFFA-nın Lisenziyalaşdırma qaydalarına uyğun gələn və I divizionda müvafiq yerləri tutan 2 klub yüksələcək.