Topaz Premyer Liqasının XI turu mövsümün 10-cu penaltisi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, V turda olduğu kimi yenə “Neftçi” və “İnter” arasında qarşılaşma belə sərt cəza ilə nəticələnib.
Araz Abdullayev bu dəfə də “Neftçi”niun lehinə təyin edilən penaltini dəqiq yerinə yetirib. Maraqlıdı ki, paytaxt təmsilçiləri arasında hər iki görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. I dövrədə “İnter”, II dövrədə “Neftçi” 3 xala sevinsə də, sonuncuların üç qolundan ikisinə 11 metrlik nöqtədən dəqiq olan Abdullayev imza atıb.
Ümumilikdə isə mövsümün rekordçusu “Zirə”di. Qəsəbə təmsilçisi arxada qalan turlarda hamıdan çox – 4 dəfə penalti şansı qazanıb. “Neftçi” 2, “İnter”, “Kəpəz”, “Sumqayıt” və “Qəbələ” hərəyə 1 dəfə “ağ nöqtə”dən qol vurmaq şansı əldə edib. Lakin sonuncular bu imkanı qaçırıb. “Qarabağ”la AZAL isə hələ penalti vurmayıb.
Əvəzində AZAL ən çox cəzalanan komandalardan biridi. 10 belə zərbədən üçü onların qapısına təyin olunub. Rekord isə “İnter”ə məxsusdu. Artıq 4-cü dəfə cəzalanan “bankirlər” bunların üçündə qola üzülüb. “Kəpəz”, “Qəbələ” və “Neftçi” isə hərəyə 1 dəfə cəzalanıb.
Futbolçular arasında rekordçular isə Abdullayevlə Elvin Məmmədovdu. Onlar hərəyə 2 dəfə penaltidən fərqləniblər.