“Neftçi” klubunun iki futbolçusu cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin vitse-kapitanı Aqil Məmmədov və müdafiəçisi Aylton Silva növbəti turu buraxmalı olacaq.
Buna səbəb hər iki oyunçunun cəzalı duruma düşməsidi. Aqil mövsümdə 4-cü, Aylton isə ümumilikdə 7-ci vərəqəsini alıb. Lakin qapıçıdan fərqli, sonuncunun hesabında olan vərəqələrdən üçü – 2 sarı və 1 qırmızı eyni matça təsadüf edib. Həmin qarşılaşmanın cəzasını artıq çəkən Silva bu dəfə 4 sarı vərəqə üzündən diskvalifikasiya edilib.
Məmmədovla Silva XII turun “Rəvan”la görüşündə meydana çıxmayacaq. Onların hər ikisi “Sumqayıt”la görüşdə aldıqları xəbərdarlığa görə bu duruma düşüb. Həmin matçda daha bir oyunçu - Emin Mehdiyev də 4-cü dəfə sarı vərəqə alıb. O, növbəti turun “Zirə” ilə görüşündə iştirak edə bilməyəcək.