[b]“Neftçi” derbi öncəsi hücumçusuz qalıb[/b]
06.05.2016 - 12:33
[b]“Neftçi” derbi öncəsi hücumçusuz qalıb[/b]

Azərbaycan Kubokunda finala vəsiqə qazanan “Neftçi” Topaz Premyer Liqasının XXXIII turunda əsas rəqibi AZAL-ı qəbul edəcək. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komanda bu gün son məşqinə çıxacaq.

 

17 yaşadək futbolçular arasında Avropa çempionatının bir neçə oyunu 8-ci km qəsəbə stadionuna salındığından, sabahkı paytaxt derbisi “Əlincə” stadionunda baş tutacaq. “Neftçi” bu gün son məşqini də məhz matçın keçiriləcəyi arenada edəcək.

 

Baş məşqçi Vəli Qasımov prinsipial görüşdə 4 futbolçusunun xidmətindən məhrum olacaq. Müdafiəçi Rahil Məmmədov və hücumçu Ruslan Qurbanov sarı vərəqə limitini doldurduqları üçün matçı buraxacaqlar. İspaniyalı müdafiəçi Xuan Alberto Melli və çilili hücumçu Nikolas Kanales isə zədədən əziyyət çəkirlər. Hazırda məşqlərdə iştirak etməyən hər iki əcnəbi “təyyarəçilər”lə qarşılaşmanı da buraxacaq.

 

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – AZAL oyunu saat 19:05-də başlayacaq.