“Neftçi” hücumçusu Uqo Barqas komandadan ayrıla bilər. Apasport.az saytının məlumatına görə, bu barədə iddia ilə Boliviyanın “El Mundo” nəşri çıxış edib.
Bildirilib ki, 31 yaşlı argentinalı hücumçu ilə Boliviyanın “Bluminq” klubu maraqlanır. Mətbuat orqanına da bu barədə klubun meneceri Tito Paz açıqlama verib. O, Barqasın 2018-ci il yanvar ayında “Bluminq”ə qoşulacağını deyib. Menecer vurğulayıb ki, artıq müqavilə ilə bağlı ona rəsmi təklif göndərilib və danışıqlar uğurlu keçib.
Barqas daha əvvəl də “Bluminq”in şərəfini qoruyub və “Neftçi”yə də məhz 2016-cı ildə bu klubdan keçib.
Bu ilin fevralında paytaxt klubu ilə bir illik müqavilə imzalamış hücumçu bir müddət öncə “ağ-qaralar”la gələn ilin əvvəlində bitəcək müqavilə müddətini mövsümün sonunadək uzatmışdı.
Qeyd edək ki, 31 yaşlı hücumçu cari mövsümdə şans qazandığı 16 oyunda 5 qola imza atıb.