[b]“Neftçi” rəhbərliyi soyundurulan məşqçiyə göz qoydu[/b]
01.06.2018 - 00:00
[b]“Neftçi” rəhbərliyi soyundurulan məşqçiyə göz qoydu[/b]

Son illər uğursuzluq girdabında vurnuxan komandanı autsayderlər qrupundan mükafatçılar sırasına daşıyan Tərlan Əhmədovla yollarını ayıran “Neftçi” rəhbərliyi baş məşqçi postuna yeni namizəd tapıb. Apasport.az saytının məlumatına görə, gürcüstanlı Temuri Ketsbaya və rumıniyalı Marius Şimuditsa sevdası daşa dəyən paytaxt təmsilçisi növbəti namizədi Bolqarıstandandı.

 

“Ağ-qaralar” baş məşqçi postunu 43 yaşlı İvaylo Petevə tapşırmaq arzusuna düşüb.  “Qəbələ”nin 2014-cü ilin qışında Dorinel Muntyanunu istefaya göndərdikdən sonra baş məşqçi gətirmək istədiyi mütəxəssis həmin vaxt Azərbaycana gəlməyə deyil, Bolqarıstan millisinin “sükanı arxası”na keçməyə üstünlük vermişdi.

 

Futbolçu karyerası o qədər uğurlu olmayan Petev Bolqarıstanın əsasən ortabab klublarında çıxış edib. 2009-cu ildə “Lüdoqorets”in oynayan məşqçisi təyin olunan, 1 ildən sonra yalnız çalışdırıcı kimi fəaliyyət göstərən Petev 2010-13-cü illərdə bu komandayla bir sıra uğurlara imza atıb. Əvvəl aşağı liqada, sonrakı iki ildə debütantı olduğu yüksək dəstədə qızıl medallar qazanan komanda kubok və Superkuboka da yiyələnib.

 

Böyük uğurlarla başlayan məşqçi karyerası elə bu klubdakı nailiyyətlərlə yekunlaşıb. Bir daha titul qazanmayan Petev “Levski”yə baş məşqçi təyin olunub.

 

Bu, bolqar mütəxəssisin ən böyük səhvi kimi yadda qalıb. Baş məşqçi kimi təqdimatı zamanı keçirilən mətbuat konfransında rəzil günə qoyulan Petevin fəaliyyəti qısamüddətli olub.

 

Məsələ ondadı ki, MOİK azarkeşi olduğunu gizlətməyən çalışdırıcının təyinatı azarkeşləri qəzəbləndirib. Onlar konfrans zalına daxil olublar və Petevin əynindəki gödəkçə və futbolkanı çıxarıblar. Soyundurulan məşqçi zaldan yarıçılpaq vəziyyətdə qovulub.

 

Bu biabırçılıqdan sonra elə həmin 2013-cü ildə Kiprə üz tutan mütəxəssis AEL-i çempion edə bilməyib, 2013/14 mövsümündə gümüş medalla kifayətlənib. Avrokuboklarda qrup xəyalını gerçəkləşdirə bilməyən klub 2014-cü ilin qışında onu postundan kənarlaşdırıb.

 

AVRO-2016-nın gedişində yığmaya baş məşqçi təyin olunan və Azərbaycanla görüşdə də komandasına rəhbərlik edən Petev tsiklin ardından iş axtarmalı olub. Seçmə mərhələnin sonunda yığmamız üzərindəki 2:0 hesablı qələbə də onun postunda saxlamayıb.

 

Xorvatiyaya üz tutan bolqar çalışdırıcı az qala əbədi çempion sayılan Zaqreb “Dinamo”sunda da yalnız gümüş əldə edib.

 

Nəticədə Xorvatiyanı tərk etməli olan Petev yenidən Kiprə yollanıb. “Omoniya”nın başına keçən məşqçi bu klubdan da əliboş, titulsuz ayrılıb.