“Neftçi” mövsümün sonu yaxınlaşdıqca transfer çalışmalarını sürətləndirir. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” ölkə xaricində olduğu kimi, “daxili bazar”da da fəallıq nümayiş etdirir.
“Sumqayıt”ın bir neçə üzvünə “elçi düşən” paytaxt təmsilçisi bununla kifayətlənmək fikrində deyil. Rəhbərliyin hədəfində olan digər oyunçular “Səbail”in yarımmüdafiəçisi Faruk Miya və “Kəpəz”in hücumameylli futbolçusu Dario Federikodu.
Maraqlıdı ki, rəhbərlik bu məsələləri baş məşqçi ilə məsləhətləşməmiş görür. Yəni, həmin oyunçuların alınması Tərlan Əhmədovun deyil, məhz Kamran Quliyevin istəyidi.
Gəncə klubu ilə müqavilə müddəti başa çatmaq üzrə olan Federikonun keçidi real görünür. Braziliyalı futbolçu özü də daha iddialı komandada oynamaq niyyətindədi.
Lakin Miyanın transferi nə futbolçunun özündən, nə də “Səbail”dən asılıdı. Məsələ burasındadı ki, uqandalı orta sahə oyunçusu Premyer Liqanın debütantında icarə əsasında çıxış edir və müqavilə ilə “Standard”a məxsusdu. “Neftçi” isə onu heyətinə qatmaq üçün Belçika klubu ilə danışıq aparmalıdı.