[b]“Neftçi” Samir Əliyevlə bağlı qərarını verdi[/b]
14.07.2015 - 15:31
[b]“Neftçi” Samir Əliyevlə bağlı qərarını verdi[/b]

“Neftçi”də baş məşqçi Samir Əliyevin taleyinə aydınlıq gəlib. Paytaxt klubunun çalışdırıcısı apasport.az saytına açıqlamasında gələn mövsüm də postunda qalacağını bildirib.

 

Mövsümlərarası fasilədə Arif Əsədovun yerinə gətirilən Əliyevin baş məşqçi postunda müvəqqəti olacağı bildirilirdi. Avrokubok oyunlarından sonra bakılıların daha təcrübəli mütəxəssisə həvalə edilməsi gözlənilirdi.

 

Lakin “Neftçi”nin mərhələ adlamasa da, Avroliqanın I təsnifat mərhələsində “Mladost”la matçlarda sərgilədiyi oyun rəhbərliyin fikrini dəyişib. 36 yaşlı çalışdırıcı bu məsələnin artıq dəqiqləşdiyini deyib: “Rəhbərliklə bu məsələ barədə görüşümüz olub. Belə qərara gəlinib ki, qarşıdakı mövsümdə komandanın “sükanı arxası”nda olum. Mənə göstərilən bu etimadı doğrultmağa, “Neftçi”ni layiq olduğu yerlərə daşımağa çalışacam”.

 

Qeyd edək ki, “Neftçi” Samir Əliyevin baş məşqçilik karyerasında ilk komandadı.