Avropa Liqasında mübarizəni erkən dayandıran “Neftçi” Türkiyəyə yollanmağa hazırlaşır. Bu barədə məlumatı apasport.az saytına paytaxt klubunun baş məşqçisi Samir Əliyev verib.
Avroliqanın I təsnifat mərhələsində “Mladost” (Monteneqro) səddinə “ilişən” “Neftçi” sabahdan etibarən Premyer Liqanın 2015/16 mövsümünün hazırlıqlarına start verəcək. Ölkə kubokunun finalçısı iyulun 19-na qədər gündə bir dəfə olmaqla, məşqlərini Bakıda keçəcək. Daha sonra isə komanda Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.
Samir Əliyev bildirib ki, qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi düşünürlər: “Ayın 19-da və ya 20-də Türkiyəyə yollanmağı planlaşdırırıq. Rəhbərlik hazırda bu məsələ ilə məşğul olur. Yoxlama görüşləri üçün rəqiblər axtarılır. Çalışırıq güclü komandalarla qarşılaşaq ki, futbolçuların hazırkı durumunu və hansı mövqelərimizdə boşluq olduğunu görək”.
Qeyd edək ki, “Neftçi”nin Türkiyə toplanışının iyulun 31-nə qədər davam etməsi gözlənilir.