[b]“Neftçi” paytaxt derbisində, AZAL Qəbələ səmasında [/b]
14.05.2016 - 15:25
[b]“Neftçi” paytaxt derbisində, AZAL Qəbələ səmasında [/b]

Sabah Topaz Premyer Liqasında XXXV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, turun bütün matçları eyni gündə və eyni saatda baş tutacaq.

 

Ardıcıl 3-cü çempionluğunu təmin edən “Qarabağ” turnir cədvəlinin sonuncusu “Rəvan”ın qonağı olacaq. Ağdam klubu ilə müqayisədə, paytaxt təmsilçisi üçün bu görüş Premyer Liqadakı yerini qorumaq mənasında, böyük önəm kəsb edir. Lakin “Qarabağ” hansı heyətlə oynayırsa-oynasın, “Rəvan”la matçın favoritidi. Qurban Qurbanovun yetirmələri cari mövsümdə keçirdikləri hər 3 görüşdə “aslanlar”ı məğlubiyyətə uğradıblar.

 

Digər autsayder “Xəzər Lənkəran” isə “Sumqayıt”ı qəbul edəcək. Komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşdıqlarından, bu görüş gərgin mübarizə vəd edir. “Rəvan”la eyni sayda xalı olan “Xəzər Lənkəran” Topaz Premyer Liqasını tərk etməmək üçün “Sumqayıt”ı xalsız yola salmalıdı. “Ağ-yaşıllar” bu görüşə itki ilə çıxacaqlar. Belə ki, komandanın əsas heyət üzvlərindən olan Vaquf Güləliyev ötən tur 4-cü sarı vərəqəsini aldığı üçün cəzalı duruma düşüb.

 

Turun maraq doğuran oyunlarından biri “Əlincə Arena”da baş tutacaq. Bakıda keçirilən U-17-lərin Avropa çempionatı ilə əlaqədar, bu arenadan yararlanan “Neftçi” avrokuboklara buraxılmamaq sanksiyası ilə üzləşən “İnter”i qəbul edəcək. “Ağ-qaralar” Vəli Qasımovun məşqçiliyi altında adlarını ölkə kubokunun finalına yazdırıblar. Lakin komanda avrokuboklara vəsiqəni əldən buraxmamaq üçün çempionatda da mövqeyini yaxşılaşdırmaq istəyir. “Neftçi”də cəzalı futbolçu olmadığı halda, “İnter”də Yuri Fomenko sarı vərəqə limitini doldurduğu üçün bu görüşü buraxmalı olacaq.


Premyer Liqanın debütantı “Zirə” ilə cari mövsümdə yenidən elitada çıxış edən “Kəpəz”in qarşılaşması da maraqlı oyun vəd edir. Bu komandaların duellərində gəncəlilər üstündülər. Belə ki, “Zirə” bu vaxta kimi “Kəpəz”lə keçirdiyi 3 görüşün 2-də heç-heçə edib, birində isə rəqibinə məğlub olub. Hər iki komandanın heyətlə bağlı 1 problemi var. ”Zirə”də Vüqar Mustafayev, “Kəpəz”də isə Tərlan Quliyev cəzalı olduğundan, bu görüşdə iştirak edə bilməyəcək.

 

Cari mövsümdə qeyri-stabil çıxışla yadda qalan “Qəbələ” isə avrokuboklara digər iddialı AZAL ilə münasibətləri ayırd edəcək. Ölkə kubokunda mübarizəni dayandıran Roman Qriqorçukun komandası bütün diqqətini çempionata yönəldərək, turnir cədvəlində yuxarı pillələrə qalxmaq niyyətindədi. “Zirə” və “İnter”in avrokuboklara buraxılmaması ilə əlaqədar, Avroliqaya çıxmaq şansları olan AZAL isə əlinə düşən imkandan lazımınca faydalanmaq arzusundadı. Odu ki, bu komandaların görüşünün də gərgin mübarizə şəraitində keçəcəyini təxmin etmək olar. Cari mövsümdə 3 dəfə üz-üzə gələn rəqiblərin duelində 1 dəfə “Qəbələ”, 1 dəfə AZAL sevinib, digər görüşdə isə heç-heçə qeydə alınıb.

 


Topaz Premyer Liqası

XXXV tur

15 may (bazar)
 

18:00. “Rəvan” – “Qarabağ”
Mövsümün əvvəlki 3 oyunu: 1:2, 0:1, 1:5

“Bayıl Arena”



18:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Mövsümün əvvəlki 3 oyunu: 1:1, 1:2, 1:2

“Xəzər Lənkəran” Mərkəzi Stadionu

 


18:00. “Neftçi” – “İnter”
Mövsümün əvvəlki 3 oyunu: 0:1, 1:1, 1:0

“Əlincə Arena”

 


18:00. “Zirə” – “Kəpəz”
Mövsümün əvvəlki 3 oyunu: 1:1, 2:2, 0:2

Zirə İdman Kompleksinin stadionu

 

 

18:00. “Qəbələ” – AZAL

Mövsümün əvvəlki 3 oyunu: 2:0, 0:0, 1:2

Qəbələ şəhər stadionu

 

1

Qarabağ

34

25

6

3

62-19

81

2

Zirə

34

17

10

7

40-28

61

3

İnter

34

14

11

9

36-24

56

4

Kəpəz

34

15

10

9

46-37

55

5

Qəbələ

34

14

11

9

41-28

53

6

AZAL

34

13

7

14

26-33

46

7

Neftçi

34

12

10

12

36-37

46

8

Sumqayıt

34

7

12

15

37-47

33

9

Xəzər Lənkəran

34

3

5

26

13-47

14

10

Rəvan

34

4

8

22

23-60

14

* - “Rəvan”ın hesabından 6 xal silinib.

 

Bombardirlər: Nelson Bonilla (“Zirə”), Dani Kintana ("Qarabağ") - 14 qol

 

0