Sabah keçiriləcək Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarında ilk yaşana bilər. Apasport.az saytının məlumatına görə, Bakı klubları “Neftçi” və “İnter” mərhələ adlasa, indiyədək heç kimin bacarmadığı uğura imza atacaq.
Belə ki, yarışın 25 illik tarixində heç bir komanda onların düşdüyü durumdan çıxa bilməyib. 1992-ci ildən keçirilən kubokda 31 dəfə ilk oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu cütlərin hamısında da həmin üstünlük mərhələ keçmək üçün kifayət edib. Elə buna görə də 32-ci belə hadisənin yaşandığı “Neftçi” – “Qarabağ” cütündə sonuncular aşkar favoritdi. Bakılılar səfərdə 2 cavabsız qolun əvəzini çıxsa, 31 cəhddə reallaşmayanı gerçəkləşdirəcək.
“İnter” – “Qəbələ” matçınadək 16 dəfə ilk qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə nəticələnib. Bunların da hamısında mərhələni elə ilk görüşün qalibi adlayıb. 17-ci “qurban” olan “İnter” bu sindromu qırmaq üçün çalışacaq.
Düzdü, həm “Neftçi”, həm də “İnter”in durumuna düşən komandalar arasında elələri olub ki, cavab oyununda qələbə qazanıb. Lakin mərhələ adlamaq üçün yetərli olmayan bu nəticələr yalnız təsəlli olub. Bir sözlə, paytaxt təmsilçiləri üçün tarixdə möcüzəni gerçəkləşdirən nümunə yoxdu.