Azərbaycan Premyer Liqasının XXIV turunun “Sumqayıt”la oyunu “Neftçi”nin iki futbolçusu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Tarzin Cahangirovla Fəhmin Muradbəyli səfər matçında meydana çıxsa, yubiley oyununun iştirakçısına çevriləcək.
Belə ki, Tarzin Premyer Liqada ümumilikdə 99 görüşdə iştirak edib. Bu görüşlərdə 1 qol vuran futbolçu yalnız 15 matçı “Neftçi”də keçirib.
Fəhmin isə Premyer Liqada 50-ci görüşün astanasındadı. O, bütün oyunları “ağ-qaralar”ın heyətində keçirdiyindən yubileyi ikiqat önəm kəsb edəcək. Futbolçunun hesabında 4 qol var.