Yeni mövsümdə Avropa Liqasında iştirak edəcək “İnter” transfer çalışmalarını da sürətləndirib. Apasport.az saytının məlumatına görə, “bankirlər” daha bir futbolçunu heyətə qatıblar.
Bu, milli komandamızın hücumçusu Rauf Əliyevdi. Ötən mövsümün sonlarında “Neftçi”dən göndərilən forvard Türkiyədə özünə klub tapa bilməyincə, karyerasını ölkə daxilində davam etdirmək qərarına gəlib. O, gələn mövsümdən “İnter”in formasını geyinəcək. Klubun meneceri Aleksey Barvinskinin saytımıza verdiyi məlumata görə, Əliyevlə 6 aylıq müqavilə imzalanıb. 26 yaşlı oyunçu sabahdan yeni klubu ilə birgə məşqlərə qoşulacaq.
Qeyd edək ki, “İnter” Rauf Əliyevə qədər Yuri Fomenko, Mirhüseyn Seyidov, Laşa Kasradze, Xuan Fransisko və Nika Kvekveskiri ilə heyətini gücləndirmişdi.