[b]“Neftçi”nin hansı vəziyyətdə olduğunu bilirsiz” – Jairo Rodriges[/b]
06.04.2017 - 00:21
[b]“Neftçi”nin hansı vəziyyətdə olduğunu bilirsiz” – Jairo Rodriges[/b]

Ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ”la qarşılaşan və cavab oyununda qolsuz heç-heçə etməsinə rəğmən ilk matçdakı 0:2 hesablı yenilgi səbəbindən mübarizəni dayandıran “Neftçi”nin müdafiəçisi Jairo Rodriges qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Dönüşünüz komandanız üçün uğurlu alınmadı. “Neftçi”nin mövsümü titulsuz başa vuracağı dəqiqləşdi…

- Bu gün oynayacağımı gözləmirdim. Amma hadisələrin axarı meydana çıxmağım üçün şans yaratdı. Çalışdım ki, komandama köməyim dəysin. Lakin bu kifayət etmədi. Çünki mübarizəni dayandırdıq və finala adlaya bilmədik. Rushdan düşmək lazım deyil. Növbəti oyunlara hazırlaşmalıyıq.

 

- Qış fasiləsindən sonra “Neftçi” haqda xoş sözlər söylənilirdi. Hətta ölkə kubokunu qazanmağa əsas namizəd idi. “Qarabağ” səddinə ilişməyinizin səbəbini nədə görürsünüz?

- Futboldu, belə şeylər baş verir. İlk oyunda məğlub olmasaydıq, matç fərqli məcrada davam edə bilərdi. Yenə çalışdıq qol vuraq, ancaq mümkün olmadı. İndi bütün diqqətimizi çempionat oyunlarına yönəltməliyik.

 

- “Neftçi” bu il 80 illik yubileyini qeyd edir. 80 yaşlı klub həm də uğursuz mövsüm keçirir. Hədiyyəsiz qalmağınızı kimin ayağına yazaq?

- Bugünkü oyunla bağlı nə sualınız varsa, cavablandıra bilərəm. Hazırkı “Neftçi”nin hansı vəziyyətdə olduğunu bilirsiz. Mövsümə bir heyətlə başladıq, qış fasiləsindən sonra yeni futbolçular gəldi və heyət yeniləndi. Əfsuslar olsun ki, ilk 2 dövrədə çox şey itirdik. Qış fasiləsindən sonrakı nəticələrimizə diqqət yetirsəniz ən yaxşılardanıq. Üçüncü dövrədə yığdığımız xallara görə liderlərdənik. Artıq irəli baxmalıyıq.

 

- Meydana az çıxırsınız. Ola bilərmi, mövsümün sonunda komandadan ayrılasınız?

- Oynadım-oynamadım, bu, baş məşqçinin qərarıdı. Şans verilən zaman maksimum yararlanmağa çalışıram. Qalıb-qalmayacağıma gəldikdə, bu haqda klub rəhbərliyi qərar verəcək.

 

- Kubokdakı uğursuzluq qarşıdakı 4 oyuna necə təsir edəcək?

- Kubok və çempionat oyunları fərqli olur. Bu gün topu özümüdə saxlaya bilsək də, qapıya yol tapa bilmədik. Çempionat oyunlarına motivasiya fərqli olur. Uğurlu olacağına inanıram.

 

- Azarkeşlərin istefa şüarı səsləndirməsi və komandanı alqışlamaması haqda nə deyə bilərsiz?

- Oyun bitəndən sonra paltardəyişmə otağına yollandım. Çox üzgün idim. Azarkeşlərin hansı hərəkət etdiyini görmədim. Görmədiyim hadisəyə münasibət bildirmək istəmirəm.

0