[b]“Neftçi”nin legionerindən məhsuldarlıq nümunəsi[/b]
08.05.2018 - 10:17
[b]“Neftçi”nin legionerindən məhsuldarlıq nümunəsi[/b]

Topaz Premyer Liqasında 2018-ci ilin ən yaxşı bombardiri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mövsümün ikinci yarısında ən çox qol vuran futbolçu İqnasio Herreradı.

 

“Neftçi”nin yarımmüdafiəçisi son 12 turda rəqib qapılarından 6 qol keçirib. Qış fasiləsinədək cəmi 3 dəfə fərqlənən çilili məhsuldarlığını ikiqat artırmağa nail olub.

 

Çempionatın bombardirləri yarışında 2-ci sırada qərarlaşan Amil Yunanov vurduğu 10 topdan 5-nə qış fasiləsindən sonra imza atıb. “Sumqayıt”ın əsas qol silahı ümumilikdə Baqali Dabodan 2, ikinci yarıda İqnasiodan 1 top geri qalır.

 

Bu il daha bir oyunçu 5 dəfə qol sevinci yaşayıb. “Qəbələ”nin fransalı legioneri Stiven Monroz da məhsuldarlığını artıran oyunçulardandı. Qışadək 4 dəfə fərqlənən hücumçu fasilədən sonra 1 top artıq vurub.

 

2018-ci ilin qolçuları arasında 4-cü sırada çempionatın autsayderi “Kəpəz”in braziliyalısı Dario Federiko qərarlaşıb. Hücumçu qışda keçdiyi komandanın heyətində 4 dəfə rəqib qapılarını dəqiq nişan alıb.

 

Mövsümün ən yaxşı bombardiri Baqali Dabo ikinci yarıda cəmi 3 dəfə qol sevinci yaşayıb. Fasiləyədək 9 qolu olan “Qəbələ”nin hücumçusu eyni sərrastlığı saxlaya bilməyib.

 

Dabodan başqa daha 7 oyunçu bu il 3 qol vurub. Bunlıar Fəhmin Muradbəyli (“Səbail”), Slavik Alxasov, Vaqif Cavadov (hər ikisi “Keşlə”), Mirabdulla Abbasov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Tural Axundov (“Sumqayıt”) və Aleksandr Dedovdu (“Zirə”).