Daha bir ölkədə 2014/15 mövsümünün çempionu bəlli olub. Apasport.az saytının məlumatına görə, azərbaycanlı azarkeşlərə də yaxşı tanış olan “Şkenderbeu” Albaniya çempionluğunu rəsmiləşdirib.
Superliqanın XXXV turunda “Flamurtari”ni qəbul edən Korçe klubu hər hissənin sonlarında bir qol vuraraq, 2:0 hesablı qələbə qazanıb. Düzdü, liderin ən yaxın izləyicisi “Kukesi” də turu itkisiz başa vurub. Buna baxmayaraq, son tur öncəsi 4 xallıq fərqi qoruyan “Şkenderbeu” aktivindəki 76 xalla əlçatmaz olub və ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğunu bayram edib.
Bununla, 2015/16 mövsümündə Çempionlar Liqasında iştirak hüququ qazanan “Şkenderbeu” Azərbaycan çempionu “Qarabağ” kimi, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu isə o deməkdi ki, “Qarabağ”ın bu turnirdəki ilk rəqibi “Şkenderbeu” ola bilər.
Qeyd edək ki, “Şkenderbeu” 2013/14 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşan “Şkenderbeu” iki oyunun nəticəsinə görə (1:0, 0:0) mərhələ adlayan komanda olmuşdu.