Transfer çalışmalarını sürətləndirən “Neftçi” Haiti millisinin yarımmüdafiəçisi Soni Mustivarı heyətinə cəlb edib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı oyunçu gələn mövsüm üçün transfer edilməsinə baxmayaraq, artıq bu mövsüm debüt edə bilər.
Ancaq bunun ən yaxşı halda mövsümün sonlarında gerçəkləşməsi gözlənilir. Çünki axırıncı dəfə ötən ilin avqust ayında "Sportinq Kanzas Siti”nin heyətində meydana çıxan Mustivarın həm fiziki cəhətdən çatışmazlığı, həm də oyun praktikasından əziyyət çəkməsi qaçılmazdı. Futbolçu əgər qısa müddətdə formaya düşə bilsə və məşqçilər korpusu onun durumundan razı qalsa, o zaman Soni cari mövsümün sonlarında “Neftçi”nin heyətində meydana çıxa biləcək.
Qeyd edək ki, Soni Mustivar “Neftçi” ilə 2019-cu ilin yayına qədər müqavilə imzalayıb.