“Neftçi” klubunun müdafiəçisi Denis Silva Topaz Premyer Liqasının XXIX turu çərçivəsində “Xəzər Lənkəran”la səfər oyunundan (2:2) sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Nə deyim? Hesabda öndə olduğumuz və qələbəyə yaxın olduğumuz oyunu əldən verdik. Hədiyyə etdik rəqibə.
- Niyə hədiyyə etdiniz?
- Burda hamımızın günahı var. Komanda olaraq, bundan nəticə çıxarmalıyıq.
- Baş məşqçiniz Arif Əsədov futbolçulara arxayınlaşmamağı tapşırmışdı. Niyə sona qədər mübarizə aparmadınız?
- Bunu bütün komandaya aid etmək olmaz. Ola bilsin, kimlərsə arxayınlaşsın. Amma qələbə qazanmaq üçün mübarizə apardıq. Nəticəyə görə kimisə günahlandırmaq olmaz.
- Bu komandalar arasındakı qarşılaşmalarda çox iştirak etmisiniz. Əvvəlkilərlə bu görüşü fərqləndirəm amillər hansılardı?
- “Böyük oyun”da ilk dəfə “Xəzər Lənkəran”ın heyətində iştirak etmişəm. Bu komandaların görüşü hər zaman gərgin keçirdi. “Neftçi”yə keçdikdən sonra da bu çətinliyi hiss etmişəm. Bir sözlə, hansı komandada oynamağımdan asılı olmayaraq, qarşılaşmaların çətinliyini yaşayıram.
- “Xəzər Lənkəran” bu dəfə meydana gənclərlə çıxmışdı. Bu dəyişiklikdən niyə yararlana bilmədiniz?
- Öz səhvlərimizdən qələbəni əldən verdik. Rəqib gənclərdən qurulsa da, heyətində təcrübəli və güclü futbolçular da var. Tam gənclərlə oynamırlar.
- “Neftçi” uzun müddətdi Lənkəranda qələbə qazana bilmir. Bu gün həmin sindromu qırmaq niyə mümkün olmadı?
- Fasiləyə 2 top üstün durumda yollandıq. İkinci hissə ağır başladı. Buna görə də qələbə qazana bilmədik.
- Bu oyunu digərlərindən fərqləndirən azarkeş marağının çox olması idi. Amma bu gün həmin izdihamı görmədik. Artıq duelin əhəmiyyətini itirdiyini düşünmək olarmı?
- Azarkeşlərin sayından asılı olmayaraq, bu matç hər zaman derbidi. Stadion dolu olmasa da, meydanda gərgin mübarizə gedir. Kimsə güzəştə getmir.