“Bir futbolçuya görə 222 milyon avro xərc çəkdiyi üçün kimisə qınaya bilməzsən. Çünki bu bir biznesdi”. Bu sözləri apasport.az saytına tanınmış futbol mütəxəssisi Nadir Qasımov deyib.
“Avtomobilçi”, “Azəri”, “Xəzri”, “ANS Pivani”, “Bakılı”, “MKT-Araz”, "Şuşa“ kimi klubları çalışdırmış Qasımov son vaxtlar bütün dünyanın diqqət mərkəzində olan Neymarın transferini dəyərləndirib.
67 yaşlı məşqçi PSJ-nin bu keçid üçün “Barselona”ya ödədiyi 222 milyon avroluq məbləği normal hesab edir: “Mənə elə gəlir ki, bu cür transferlərdə dövlətin də marağı olur. Bildiyim qədərilə bu məbləğin 40-45 faizi dövlətə köçürüləcək. Çox sərfəli biznesdi. Üstəlik, futbolçunun ad-sanı da var, əlavə nüfuz qazandırır. Klubun strategiyasından çox şey asılıdı. Bu gün hansısa layihəyə görə milyonlarla pul ayırılır. Bir layihə özünü doğrultsa, daha çox qazanc gətirsə, başqa bir layihəyə qol qoyacaqlar. Neymarın transferi ilə məşğul olan şəxslərin də bir layihəsi olduğunu düşünürəm. Öncədən planlar qurub, bu işə başlayırlar. Klublar dövlətdən uzunmüddətli kredit götürüb, rahat hərəkət edə bilirlər. Çünki bunun bəhrə verəcəyini bilirlər. Futbolçunun müqaviləsində qeyd edilən pulun da hamısı onun özünə çatmır. Bunun müəyyən məbləği vergiyə çıxılır. Yəni Neymarın transferi 1-2 nəfər arasında razılaşdırılmayıb. Bu, dövlət səviyyəsində aparılmış danışıqların nəticəsidi”.
Qasımov hesab edir ki, ulduz futbolçu transferləri azarkeş marağının da artmasına yol açır: “Bizim stadionların qapıları açıq olur, ancaq azarkeşlər futbola havayı baxmağa da gəlmirlər. Avropa ölkələrində isə biletlərdən milyonlar qazanırlar. Ulduz futbolçu transferləri ilə azarkeşləri stadionlara daha çox cəlb edirlər. Bizdə klubların 5-6 il ömrü olur. Avrokuboklarda iştirak etmiş komandalarımız dağılıb. 100-200 min manata çimərlikdən oyunçular gətirməklə futbolu Avropa səviyyəsinə çatdıra bilməzsən. Çinə baxın. Son vaxtlar böyük transferlərin çoxunu bu ölkənin klubları edirlər. Çünki dövlət bilir ki, bu sahədən pul qazanmaq olar. Hər bir futbolçudan tutulan vergi büdcəyə gedir”.
Yığma komandamızda köməkçi-məşqçi kimi də fəaliyyət göstərmiş mütəxəssis 222 milyon avronun dünya futbolunda böyük məbləğ olmadığını düşünür: “Bir neçə il əvvəl 10-12 milyon avroluq büdcəyə malik klublarımız var idi, bir az mübarizə izləyirdik. Ancaq büdcələr get-gedə azalır. Belə büdcə ilə tanınmış oyunçular almaq çətin məsələdi. Bu üzdən oyunlara azarkeşlər də gəlmir. Bizdə stadionlar bomboşdu, futbolun səviyyəsi aşağıdı, legionerlər çox zəifdi”.
Qasımovun fikrincə, Azərbaycanda da Avropadakı kimi, biznes yolu seçilsə, ölkəmizə səviyyəli futbolçular gətirmək olar: “Premyer Liqamızda oynayan 8 klubun ümumi büdcəsi mənə elə gəlir ki, heç 50 milyona çatmaz. Daxili çempionatda 8 komanda ilə nə qədər pul xərcləmək olar ki? Neymara görə xərclənən 222 milyona Azərbaycanda 40-50 klub yaratmaq olar. Bu pulla bütün futbolumuzu saxlayarıq. Klublarımız əksər hallarda 2-3 mərhələdən o tərəfə getməkdə çətinlik çəkirlər. Bu da çempionatdakı komanda sayının azlığından qaynaqlanır. Bu səbəbdən Avrokubokda daha da irəliləməyə gücümüz çatmır. Çox acınacaqlı vəziyyətdi. Heç olmasa, 14-16 komandalı çempionat olsa, onlardan 7-8-i istənilən səviyyəyə çatsa, çempionluğa oynayan klublar da rəqabət hiss edərlər. Belədə onların da oyununda müsbət mənada dəyişikliklər olar”.