Bu gün Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində daha 2 oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, İngiltərə klublarının duelində “Liverpul” “Mançester Siti”ni qəbul edəcək.
ÇL-in əsas favoritlərindən hesab edilən “şəhərlilər” heyətində ciddi problemləri olan rəqiblə səfər matçından uğurlu nəticə ilə dönməyə çalışacaq.
Digər matçda isə “Roma” “Barselona”nın qonağı olacaq. Burda “Barselona” təkcə matçın yox, cütlüyün favoriti sayılır.
Oyunlar öncəsi komandaların baş məşqçiləri və futbolçuları fikirlərini bildiriblər.
Yurgen Klopp (“Liverpul”un baş məşqçisi): “Mançester Siti” artıq İngiltərə çempionudu. Bizim məqsədimiz isə 2-ci yeri tutmaqdı. Bundan sonra “Everton”la matça hazırlaşmaq üçün iki gün vaxtımız olacaq. Amma “Mançester Siti” ilə görüş çox vacibdi. Bütün gücümüzlə mübarizə aparmalıyıq. Yanvarda bu komandanı 4:3 hesabı ilə məğlub etmişdik. Həmin oyunu təkrarlamaq lazımdı. “Mançester Siti” Avropanın olmaya bilər, amma İngiltərənin ən güclüsüdü. Belə komanda önündə qol buraxmamağa ümid etmək axmaqlıqdı. Onlara qarşı 95 dəqiqə etibarlı müdafiə olunmağın yolu yoxdu. Bunun üçün bütün mövqelərin fantastik olmalıdı. Amma biz də mümkün qədər irəliləmək istəyirik. Avropanın ən güclü komandalarından ikisi üz-üzə gələcək. “Mançester Siti” formasının ən pik həddindədi. Biz də yaxşı durumdayıq. Qvardiola həmişə mənim komandama qalib gəlir. Onlar ideal olmasalar da, buna yaxındılar. Klubumuzun tarixi ilə qürur duymalı, eyni zamanda yeni tarix yazmalıyıq”.
Vircil van Diyk (“Liverpul”un müdafiəçisi): “Məhəmməd Salahın pik formada olması “Mançester Siti” ilə oyunöncəsi çox önəmlidi. O, 100 faiz hazır olanda, istənilən rəqibi məğlub edə bilirik. Salahı dayandırmağın yolları var. Amma bunu sizə deyə bilmərəm. Rəqib xəbər tutmasın. Öz meydanımızda keçirəcəyimiz ilk görüşdə uğurlu nəticə qazanmaq istəyirik. Düzdü, heyətimizdə itkilər var. Buna baxmayaraq, evdə oynadığımız üçün qol buraxmamağa çalışmalıyıq”.
Pep Qvardiola (“Mançester Siti”nin baş məşqçisi): “Biz Premyer Liqanın ən məhsuldar komandasıyıq. Amma “Liverpul” da çox qol vurub. Yurgen Kloppun komandası möhtəşəm futbol oynayır. Bir sözlə, bizi əla oyun gözləyir. Hər kəs “Liverpul”un yaratdığı təhlükələrdən danışır. Ancaq biz “Barselona” və ya “Bavariya” ilə də qarşılaşa bilərdik. Yəni 1/4 finalda yalnız dünyanın ən güclüləri ilə üz-üzə gəlirsən. Məhəmməd Salah əlinə düşən imkanların, demək olar ki, hamısını qola çevirir. Rəqibin hücum “üçlüy”ü, həqiqətən də, çox güclüdü. Ancaq “Enfild Roud”a müsbət nəticə üçün ayaq basacağıq. Serxio Aquero oynaya bilməyəcək. Hazırda əlimdə olan hücumçuların 21 yaşı var. İlk dəfə Çempionlar Liqasının bu mərhələsində çıxış edəcəklər. Bura qədər gəlmək böyük uğurdu və bunu daha da yaxşılaşdırmaq istəyirik. 80 dəqiqə müdafiədə oturub, şansımızı gözləməyəcəyik. Öz oyun üslubumuzu tətbiq etməyə çalışacağıq. Bu stil isə “Liverpul” üçün idealdı. Onlar meydanın rəqibə aid hissəsində boşluqdan istifadə etməyi bacarırlar. Ancaq bizim də öz planlarımız var”.
Kevin De Bruyne (“Mançester Siti”nin yarımmüdafiəçisi): “Karyeramın ən uğurlu mövsümünü keçirirəm. Oyunların əksərini çətinlik çəkmədən keçirdim. Hər şey yalnız möhtəşəmdi. “Liverpul”la Çempionlar Liqası matçı da bizim üçün böyük önəm kəsb edir. Rəqibin heyətində Məhəmməd Salah kimi inanılmazları gerçəkləşdirən futbolçu var. Mövsümün əvvəlində heç kim onun bu qədər qol vuracağını gözləmirdi. Ümumiyyətlə, “Liverpul”un hücum xətti qorxuludu. Oyuna nəzarət etmək baxımından David Silvanın varlığı vacibdi. O, istənilən vaxt matçın nəticəsini müəyyən etməyi bacarır. İnkişafımda Silvanın rolu danılmazdı. Davidin oyunu alınanda biz qələbə qazanırıq”.
Ernesto Valverde (“Barselona”nın baş məşqçisi): “Roma”nın qrupdakı oyunlarını izləmisinizsə, bu mərhələyə qədər gəlmələri sizin üçün təəccüblü olmaz. Onlar etibarlı müdafiə olunur və hücumda maraqlı variantlardan istifadə edirlər. Cəlbedici oyun olacaq. Favorit sayılmaq heç nə demək deyil. Nəticəni bu, müəyyənləşdirmir. Hər şey komandaların əlindədi. “Roma”nı məğlub etmək üçün üstün futbol sərgiləməliyik. Ümid edirəm ki, “Nou Kamp”a bizi dəstəkləmək üçün çox sayda azarkeş gələcək. “Çelsi” ilə görüşdə olduğu kimi, yenə bizi irəli səsləmələrini istəyirəm. Artıq aprel ayıdı və biz bütün turnirləri qalib kimi tamamlamaq istəyirik. İstedadlı futbolçulara sahibəm. Xüsusən də, futbol tarixinin ən unikal oyunçusu Lionel Messi bizim üçün çox şey deməkdi”.
Xordi Alba (“Barselona”nın müdafiəçisi): “Doğru yoldayıq və irəliləmək istəyirik. İspaniya Kral Kubokunda finaldayıq, həmçinin La Liqada turnir cədvəlinə başçılıq edirik. Ancaq Çempionlar Liqasında çox güclü komandalar qalıb. Bu turniri qazanmaq çətin olacaq. Lakin komandamızın bacarığına da bələdik. Məğlubiyyətsiz irəliləmək və quru hesablarla qalib gəlmək çox önəmlidi. “Roma” ilə qarşılaşmada da qapımızın toxunulmazlığını saxlamağa çalışacağıq. Busketsin dönüşü vacib amildi. Topa sahib olduğumuz zaman o, oyunumuzda balans yaradır. Öz mövqeyində dünyanın ən güclüsüdü. Ümid edirəm ki, Messi də görüşdə iştirak edəcək. Çünki Messi meydanda olanda futbolçular daha yaxşı oynayırlar”.
Eysebio Di Françesko (“Roma”nın baş məşqçisi): “Barselona” ilə matçda kollektiv oyun çox önəmlidi. Onu deyə bilərəm ki, “Roma” öz oyununu göstərəcək. Bu mərhələyə gəlməklə yeni səviyyəyə çatdığımızı göstərdik. “Barselona” əla futbol mentaliteti ilə öyünə bilər. Biz də bunu etməliyik. Rəqibə minimum imkan vermək, ancaq çəkinməmək lazımdı. Top bizdə olduğu zaman qorxmağa ehtiyac yoxdu. Rəqibin heyətində Andres İnyestanın çıxışını izləməkdən həzz alıram. O, inanılmaz dərəcədə texnikalı və ixtiraçı futbolçudu. “Barselona” tarixində çoxlu səhifə yazıb. Hücumçuları Luis Suares uzun müddətdi avrokubokda qol vurmasa da, bu, önəmli deyil. Luis rəqibin heyətində həlledici rolu oynayan ən yüksək səviyyəli oyunçulardan biridi”.
Federiko Fazio (“Roma”nın müdafiəçisi): “Hər kəs Messinin gücünü bilir. O, planetin ən güclüsüdü. Ancaq biz təkcə Leo barədə düşünməməliyik. “Barselona”nın hər bir oyunçusunu diqqətdə saxlamaq lazımdı. Bizi ciddi sınaq gözləyir. Komandaların yarımfinala çıxmaq şanslarını faizlə göstərmək istəmirəm. Maraqlı duel olacaq. Rəqib nə qədər güclü olsa belə, qələbəyə acıq. Bura qədər necə gəlməyimizin önəmi yoxdu. Əsas bundan sonra edəcəklərimizdi”.