[b]“Onun yanına gələrək kiçik kimi əlimi uzatdım” – Təmkin Xəlilzadə[/b]
19.04.2018 - 00:27
[b]“Onun yanına gələrək kiçik kimi əlimi uzatdım” – Təmkin Xəlilzadə[/b]

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Neftçi”ni səfərdə 3:1 hesablı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanan “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə oyundan sonra apasport.az saytının əməkdaşının suallarını da cavablandırıb.

 

- İlk oyunda sonra finala çıxmağa inam vardı?

- Həmin məğlubiyyətdən sonra komandada hardasa ruh düşkünlüyü var idi. Ancaq məşqçi və oyunçular sözü bir qoyduq ki, bu, bizim üçün mövsümün oyunudu. Çempionat öz yerində, ancaq bu görüş matçı həqiqətən mövsümün matçı idi. Komandada xarakter gördüm. Əvvəldən belə oynasaydıq, bəlkə də çempion olardıq. Çempionata toxunmaq istəmirəm, bu yarış öz yerində. Finala vəsiqə qazandıq. Həlledici matça hazırlaşacağıq. İstəyimiz kuboku qazanmaqdı. 

 

- Neftçi” iki oyunda iki fərqli Qəbələ gördük. İlk oyunda ruh düşkünlüyü olan, oynamaq istəməyən, bu gün isə finala çıxmaq istəyən komanda. Nə dəyişdi?

- Komanda olaraq hər oyuna ciddi hazırlaşırıq. Rəqibimiz də sıradan komanda deyil. “Neftçi” son vaxtlar çox yaxşı formada idi. Onlar bizi ilk oyunda üstələyərək qalib gəldi. Amma matçı analiz etdik, boşluqlarımıza baxdıq. Səhvlərdən düzgün nəticə çıxardıq, şanslarımızdan yararlandıq. 

 

- İlkin Qırtımovla mübahisə oldu. Həmin epizodda nə baş verdi? Baş hakimdən penalti istəyirdin...

- Bəli, hakimlə danışırdım. İlkin də öz etrazını bildirdi. Futbolda istər-istəməz belə hallar olur. İlkinlə çox yaxşı münasibətdəyik, dostuq, qardaşıq. Meydanda belə şeylər olur. Oyundan sonra Qırtımovun yanına gələrək kiçik kimi əlimi uzatdım. Belə bir problem olmadı. Oyunun stressidi, olur istər-istəməz. 

 

- Bir qol ötürməsi verin. Birini də edə bilərdin, amma qapıya zərbə vurmağı üstün tutdun ki, top qapıya düşmədi. Paxıllıq elədin?

- Xeyr elə deyil. Sadəcə formanın haqqını vermək istəyirəm. Həmin epizodda iki fikirli oldum. Bilmədim ki, ötürmə verim, yoxsa özüm qapıya zərbə vurum. İki fikirdə olmaq sonda məni çaşdırdı və istədiyim alınmadı. Ancaq şükürlər olsun ki, nəticəyə təsir etmədi, qələbəmizi əldə etdik.

 

- Final Qəbələdə keçiriləcək...

- Bu, dəqiqləşib? 

 

- Bəli. Artıq kuboku Qəbələ”nin saymaq olar?

- Yox, elə bir şey demək istəmirəm. Çünki rahatlanmaq olmaz. İndi çempionatımızda mübarizə onu göstərir ki, hər bir komanda hər birindən xal ala bilər. “Keşlə” də yaxşı formadadı. Bizi bugünkündən bəlkə də 2-3 qat çətin oyun gözləyir. Finalın Qəbələdə olması hardasa bizim üçün üstünlük ola bilər, ancaq bunu elə bir şey saymıram. Onlar üçün də həmin meydançadı, bizim üçün də. İnşallah, qələbə qazanmaq istəyirik. 

 

- Qarabağın kubokda kənarda qalması sizin üçün əlavə motivasiyadırmı? 

- Elə bir düşüncəmiz olmayıb. Heç vaxt fərq qoymamışıq ki, rəqibimiz “Qarabağ”, “Keşlə” və ya “Sumqayıt” olsun. Düzdü, finalda “Qarabağ”la oynasaydıq, fərqli matç olardı. Ancaq heç vaxt fikirləşməmişik ki, nə yaxşı “Qarabağ” yoxdu. Biz öz oyunumuz oynayırıq.