[b]“Özümü öldürsəm də...” – Roman Qriqorçuk[/b]
02.10.2016 - 21:56
[b]“Özümü öldürsəm də...” – Roman Qriqorçuk[/b]

“Qalib gəldik və bizə lazım olan 3 xalı qazandıq. Uşaqlar bu gün gözəl oyun sərgilədilər. İdeal oyun olmasa da, bu, mənim arzuladığım futboldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının VII turunda “Qarabağ”la qarşılaşan “Qəbələ” 2:0 hesablı qələbə qazanaraq, mövsümün ilk dövrəsini məğlub olmadan başa vurdu.

 

Matç başa çatdıqdan sonra ukraynalı çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb.

 

- Bu qələbə sizi Ukraynaya aparmır ki?

- Xeyr. İstirahət vaxtını Qəbələdə keçirəcəm. Ailəm də burda olacaq.

 

- İlk hissədə “Qəbələ” hücum etdi, “Qarabağ” müdafiə olundu. İkinci hissədə isə tam əksi oldu. Bu, sizin tapşırıq idi, yoxsa rəqib sizi müdafiə olunmağa məcbur etdi?

- Birinci hissədə çox gözəl oyun nümayiş etdirdik. İstəyimizə uyğun oynadıq. İkinci hissədə “Qarabağ” üstün olsa da, bu, o demək deyil ki, onlar bizi müdafiə olunmağa məcbur etdi. Bugünkü oyuna görə futbolçulara “afərin” deyirəm.

 

- Ozobiçin qolu daha uzaq görünürdü, yoxsa “Qəbələ”nin çempionluğu?

- Bizim planımız dəyişməz olaraq qalır. Oyundan oyuna inkişaf etmək. Bu planımız dəyişməz olaraq qalır.

 

- Komanda hazırda yaxşı formadadı. Fasilənin komandaya nə kimi ziyanı ola bilər?

- Əksinə, fasilənin bizə xeyiri olacağını düşnürəm. Çox sıx qrafikdə oynayırdıq. Bu fasilədən özümüz üçün faydalanacağıq.

 

- İlk hissədə tamamilə hücum futbolu oynayan “Qəbələ”nin ikinci hissədə çatdırmadığı görünürdü. Xüsusilə, Dabo və Uiks fiziki cəhətdən sanki hazırlıqlı deyildilər. Onlar bir hissəlik oyunçulardı?

- Bu suala necə cavab verəcəyimi bilmirəm. Bundan öncəki oyunda Dabo 60 metrlik məsafəni qət edərək, qol vurmuşdu. Düşünmürəm ki, onların fiziki cəhətdən problemi var.

 

- Franyiçi bu gün meydanda görmədik. Buna səbəb nə idi?

- Bizdə kim daha hazırdısa, o da meydana daxil olur. Özümü öldürsəm də, 14 nəfərdən artıq oyunçunu meydana buraxa bilməzdim. Bu gün şans qazanmayan başqa oyunçular da oldu.

 

- Səimi cavab verin. Legioner limiti olmasa, bu gün meydana azərbaycanlı oyunçu buraxardız?

- (Gülür) Son avrokubok oyununda mən meydana 3 yerli futbolçu buraxdım. Bu sual bir qədər düzgün deyil. Siz bura mənim əhvalımı korlamaq üçün gəlmisiz? (gülür). Mən azərbaycanlı və legioner futbolçular arasında fərq qoymuram. Futbolçuların pasportuna baxmıram. Kim layiqdisə, o da oynayır. Azərbaycanda yaxşı futbolçular var. Bu gün hər iki komandada kifayət qədər yerli futbolçu çıxış edirdi. Bizim heyətimizdə yaxşı azərbaycanlı oyunçular var. Məsələn, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov və Rəşad Sadiqov. Rəşad mənim üçün fenomendi. Elvin Camalov da bu gün çox yaxşı çıxış etdi. Asif Məmmədov isə get-gedə artırır.

 

- Bəzi futbolçular məhz sizin rəhbərliyiniz altında öz oyununu tapdı. Bunun üçün onlarla fərdi söhbətlər aparırsız?

- Mənim xüsusi proqramım yoxdu. Futbolçuların hamısı ilə eyni proqram əsasında çalışırıq. Təbii ki, futbolçuların fərdi keyfiyyətlərinə də baxırıq. Bəzi futbolçularla fərdi məşğul oluruq.

 

- Hazırkı “Qəbələ” sizin futbol fəlsəfənizi nə dərəcədə həyata keçirir?

- İdel heç nə yoxdu. Birinci hissədəki oyun mənim istəyimə yaxın idi. Ancaq ideal olmaq üçün öz üzərimizdə işləməliyik.

0